İDMAN
Vladimir Kliçkonun vəziyyəti yaxşılaşmışdır
Bakı, 6 dekabr (AZƏRTAC). Ən ağır çəkidə üç nüfuzlu versiya üzrə dünya çempionu ukraynalı Vladimir Kliçkonun vəziyyəti iki cərrahiyyə əməliyyatından sonra normallaşmışdır. Bu barədə onun qarşıdakı döyüşünün təşkilatçıları məlumat vermişlər.
Bir gün əvvəl rəsmən elan edilmişdi ki, onun dekabrın 10-da Düsseldorfda keçirilməsi planlaşdırılmış fransız Jan-Mark Mormeklə döyüşü baş tutmayacaqdır. Təşkilatçılar döyüşü martın 3-nə təyin etmək niyyətindədirlər, Mormek isə martadək Parisdə aralıq döyüş keçirmək fikrindədir.
Kliçko Avstriyada hazırlıq keçərkən dekabrın 3-də xəstəxanaya aparılmışdır. İnsbruk klinikasının həkimləri ona belə diaqnoz qoymuşlar: böyrək sancısı. Kəskinləşmə cərrahi yolla aradan qaldırılmışdır, lakin sidik axarının yuxarı ücdəbir hissəsində olan daş çıxarılmamış, geriyə böyrəyə qaytarılmışdır.
Şənbə günü 35 yaşlı boksçu xüsusi avadanlıqla təchiz olunmuş Düsseldorf (Almaniya) universitet klinikasına gətirilmişdir. Kompyuter tomoqrafiyasından sonra 5 millimetrlik daş ən incə alətlərin köməyi ilə böyrəkdə xırdalanmışdır.
Hazırda Vladimirin vəziyyəti nisbətən yaxşıdır: ağrıları kəssə də, antibiotiklər və ağrıkəsicilər qəbul etməkdə davam edir. O, sağlamlığına heç bir ziyan dəymədən iki-üç gün səhhətini bərpa edəcəkdir.