Voleybol üzrə Azərbaycan çempionatının başlama tarixi müəyyən olunub
Bakı, 3 noyabr, AZƏRTAC
Noyabrın 6-da voleybol üzrə Azərbaycan çempionatlarında 2023/2024-cü illər mövsümünə start veriləcək.
Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, ölkə çempionatının açılış mərasimi noyabrın 6-da saat 15:45-də “Bakı İdman Sarayı”nda keçiriləcək. Ardınca mövsümün ilk matçı baş tutacaq. Bu qarşılaşma qadınlardan ibarət “AZERRAIL” və “Abşeron” klubları arasında olacaq. Mərkəz oyun olaraq müəyyənləşdirilən 5-ci turun bu görüşü saat 17:00-da başlayacaq.
Yeni mövsümdə Azərbaycan çempionatlarında altı qadın, altı kişi komandası iştirak edəcək. Reqlamentə əsasən hər iki çempionat 4 dövrədən ibarət olacaq və oyunlar dairəvi sistem üzrə keçiriləcək. Dörd dövrədən sonra ilk 4 pilləni tutacaq komandalar play-off mərhələsinə yüksələcəklər. Play-off mərhələsində iki oyun (əgər tərəflər hərəsi bir oyunda qalib gələrsə, setlər də bərabər olarsa, qızıl set oynanılacaq), final və
üçüncü yer uğrunda isə 1 oyun keçiriləcək.
Qadınlar: “Abşeron”, “AZERRAIL”, “Gəncə”, “Milli Aviasiya Akademiyası”, “Murov Az Terminal”, “UNEC”.
Kişilər: “AZERRAIL”, “Xarı Bülbül Laçın”, “Xarı Bülbül Şuşa”, “MOİK”, “Murov Az Terminal”, “Neftçi”.