Volodimir Zelenski: Ukrayna və ABŞ nümayəndə heyətləri növbəti görüşə hazırlaşırlar
Kiyev, 4 dekabr, AZƏRTAC
Ukrayna nümayəndə heyəti Amerikada ABŞ Prezidenti Donald Trampın nümayəndələri ilə görüşə hazırlaşır.
AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski xalqa müraciətində bildirib.
"Amerika komandası Moskvadan qayıtdıqdan və Vaşinqtonda müvafiq məsləhətləşmələrdən sonra Rustem Umerov, Andrey Qnatov və danışıqlar üçün lazım olan hər kəs Prezident Trampın nümayəndələri ilə danışıqlarını davam etdirəcək", deyə Zelenski bildirib.
"Hazırda hər şey kifayət qədər səmərəli şəkildə gedir - Cenevrə və Floridada keçirilən görüşlərdə Ukrayna dinlənildi. Bu, vacibdir. Ümid edirik ki, belə olacaq. Ləyaqətli sülh yalnız Ukraynanın maraqlarını nəzərə almaqla mümkündür", deyə Zelenski vurğulayıb.
Zelenski əmin olduğunu bildirib ki, dünya indi açıq şəkildə hiss edir ki, müharibəni dayandırmaq üçün fürsət var və buna görə də aktiv danışıqlar Rusiyaya təzyiqlə dəstəklənməlidir.
Zelenski qeyd edib ki, Avropanın Ukraynanın müdafiəsində və müharibədən sonrakı təhlükəsizliyin təmin edilməsində fəal iştirakı indi vacibdir.
"Biz müharibəni bitirmək üçün səylərimizi maksimuma çatdırırıq. Öz tərəfimizdən - Ukrayna tərəfində - heç bir maneə və ya gecikmə olmayacaq. Biz tamamilə konstruktivik, tərəfdaşlarımızla çox çevik işləyirik və hamı, o cümlədən Amerika tərəfi bunu qeyd edib", deyə Prezident vurğulayıb.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev