Volodimir Zelenski: Ukraynanın NATO-ya dəvət olunması sülh üçün fundamental amil olar
Kiyev, 16 oktyabr, AZƏRTAC
Ukrayna Prezidenti Volodimir Zelenski Ali Radada çıxış edərək ölkəsinin Rusiya Federasiyası ilə müharibədə qələbə planını təqdim edib.
AZƏRTAC xəbər verir ki, Zelenskinin sözlərinə görə, Rusiya onilliklər ərzində Avropadakı geosiyasi qeyri-müəyyənlikdən, yəni Ukraynanın NATO üzvü olmamasından istifadə edib. “İndi Ukraynanın NATO-ya dəvət edilməsi faktı sülh üçün həqiqətən də fundamental amil ola bilər. Biz başa düşürük ki, NATO-ya üzvlük bu günün deyil, gələcəyin işidir”, - deyə dövlət başçısı əlavə edib.
Onun fikrincə, dəvət qətiyyətdən başqa heç nə tələb etməyən güclü qərardır. “Buna görə də bu, qələbə planının başlanğıc nöqtəsidir və qətiyyətliliyin təsdiqidir. İndi qeyd-şərtsiz dəvət vacibdir. Bu, əminlikdir – tərəfdaşların Ukraynanın təhlükəsizlik arxitekturasındakı yerini əslində necə gördüyünün təzahürüdür. Mən hamınızdan xahiş edirəm, tərəfdaşların Ukraynanı Avropa təhlükəsizlik arxitekturasında digərləri ilə bərabər tanımaq əzmi üçün çalışın”, - deyə Zelenski vurğulayıb.
Daha əvvəl bildirilmişdi ki, Ukraynanın qələbə planı beş bənddən ibarətdir. O, həmçinin üç gizli əlavəni ehtiva edir. Birinci bənd geosiyasi, ikinci və üçüncü bəndlər hərbi məsələlərə aiddir. Dördüncü bənd iqtisadiyyat, beşinci isə təhlükəsizliklə bağlıdır.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev