V.ŞƏRİFOV: AZƏRBAYCAN NARKOTİKLƏRİN QANUNSUZ DÖVRİYYƏSİ VƏ TRANSMİLLİ CİNAYƏTKARLIQLA MÜBARİZƏDƏ FƏAL İŞTİRAK EDİR
V.Şərifov demişdir ki, Moskvada Azərbaycan, Belarus, Gürcüstan, Moldova, Rusiya, Ukrayna DİN-lərinin narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə bölmələri rəhbərlərinin növbəti işgüzar görüşü keçirilmişdir. MDB MCMƏB-nin təşəbbüsü ilə təşkil olunan görüşdə Azərbaycanı DİN-in Narkotiklərlə Mübarizə Baş İdarəsinin rəisi Həzi Aslanov təmsil etmişdir.
Görüşdə Birlik ölkələri arasında əlaqələndirmənin gücləndirilməsinin müxtəlif cəhətləri müzakirə olunmuşdur. Belə ki, qarşılıqlı fəaliyyət formalarından biri də birgə xüsusi əməliyyat-axtarış və profilaktika tədbirlərinin keçirilməsidir. V.Şərifov demişdir ki, Azərbaycanın narkotiklərlə mübarizə bölmələri “Kanal-2005” irimiqyaslı əməliyyatında və narkotiklərin MDB dövlətlərinin sərhədlərindən qanunsuz keçirilməsi kanallarının aşkara çıxarılması və bağlanması üçün genişmiqyaslı əməliyyatlarda iştirak etmişlər.
MDB ölkələri DİN-ləri daxili işlər orqanlarının dövlətlərarası qarşılıqlı fəaliyyətinin səmərəli və praktik istiqamətlərini müəyyənləşdirirlər. Son illər müxtəlif nazirliklərin təşəbbüsü ilə bu formatda işgüzar görüşlər tez-tez keçirilir.