MƏDƏNİYYƏT
VYANALILAR “SƏYYAH”İN ÇİXİŞİNI ALQIŞLARLA QARŞILAMIŞLAR
Respublikanın xalq artisti Təranə Muradovanın rəhbərlik etdiyi və Azərbaycanını ən məşhur uşaq rəqs qruplarından olan, beynəlxalq müsabiqələr laureatı “Səyyah” ansamblı “Yeni Bakı-Vyana” Avstriya-Azərbaycan Cəmiyyətinin və ölkəmizin Avstriyadakı səfirliyinin təşəbbüsü, Mədəniyyət Nazirliyinin və Vyana şəhər bələdiyyəsinin dəstəyi ilə sentyabrın 5-dən etibarən Avstriyada qastroldadır.
Respublikamızın Vyanadakı səfirliyindən AZƏRTAC-a daxil olmuş məlumatda bildirilir ki, sentybrın 7-də “Səyyah” ansamblı Vyananın “Teaterlabor” eksperimental teatrında böyük konsert proqramı ilə çıxış etmişdir. Çoxsaylı tamaşaçıların, mətbuat nümayəndələrinin, Avstriyadakı Azərbaycan icmasının, diplomatik korpusun və ölkəmizin səfirliyinin nümayəndələrinin olduqları konsertdən əvvəl “Yeni Bakı-Vyana” Avstriya-Azərbaycan Cəmiyyətinin sədri Neda Berger, Vyana şəhər bələdiyyəsi mədəniyyət şöbəsinin müdiri Bernard Denşer və Azərbaycanın Avstriyadakı səfiri Vaqif Sadıqov çıxış etmişlər. Sonra “Səyyah” rəqs qrupunun üzvləri müxtəlif Azərbaycan rəqslərini ifa etmişlər. Ansamlın rəhbəri Təranə Muradovanın da gözəl rəqs nümunələri təqdim etdiyi konsert sürəkli alqışlarla başa çatmışdır.
Sentyabrın 8-9-da “Səyyah” qrupu Viyanada 20 ölkənin nümayəndələrinin təmsil olunduğu “Xalqlar və millətlər festivalı”nda iştirak etmişdir. “Səyyah”in çıxışından öncə Azərbaycan mədəniyyəti, tarixi haqqında tamaşaçılara ətraflı məlumat verilmişdir. Qrupun çıxışı çox böyük maraqla qarşılanmışdır. Təşkilatçıların fikrincə, “Səyyah”ın çıxışı festivalın “ürəyi” sayıla bilər. Gənc rəqqaslarımızın çıxışı Avstriyanın ÖRF dövlət televiziya kanalı ilə göstərilmişdir.