Vyetnamlı tələbələrə Azərbaycan haqqında mühazirə oxunub
Hanoy, 19 oktyabr, AZƏRTAC
Azərbaycanın dövlət müstəqilliyinin bərpasının ildönümü münasibətilə Vyetnamın ən böyük ali təhsil ocaqlarından olan Sosial və Humanitar Elmlər Universitetində ölkəmiz haqqında mühazirə təşkil edilib.
Universitetin rəhbər şəxslərinin, beynəlxalq münasibətlər, politologiya, tarix və şərqşünaslıq fakültələrinin müəllim və tələbə heyətinin iştirak etdiyi mühazirədə səfir Anar İmanov Azərbaycanın tarixi, sosial-iqtisadi inkişafı, xarici siyasəti, Azərbaycan-Vyetnam münasibətləri haqqında geniş məlumat verib. Səfir Azərbaycan Xalq Cümhuriyyəti, qazandığı nailiyyətlər, bolşevik işğalı, Sovet İttifaqının tərkibində Azərbaycanın sosial-iqtisadi vəziyyəti, xalqımızın müstəqillik mübarizəsi, 20 Yanvar hadisələri barədə danışıb.
Diplomat Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı, ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişi, Ulu Öndərin rəhbərliyi altında Azərbaycanın müasir dövlətçiliyinin, sosial-iqtisadi inkişafının əsasının qoyulması, Prezident İlham Əliyev tərəfindən bu siyasətin uğurla davam etdirilməsi, ölkəmizin liderliyi ilə həyata keçirilən regional enerji və infrastruktur layihələri, paytaxt Bakıda və regionlarda keçirilən beynəlxalq tədbirlər barədə geniş məlumat verib.
Azərbaycan-Vyetnam əlaqələrindən bəhs edən səfir A.İmanov Vyetnam Prezidenti Xo Şi Minin 1959-cu ildə Azərbaycana və ümummilli lider Heydər Əliyevin 1983-cü ildə Vyetnama səfəri ilə ölkələrimiz arasında tarixi dostluq münasibətlərinin əsasının qoyulduğunu vurğulayıb. Səfir müasir dövrdə də iki ölkə arasında dostluq və əməkdaşlıq münasibətlərinin yüksək səviyyədə olduğunu qeyd edərək, prezidentlər İlham Əliyev və Çıonq Tan Şanqın qarşılıqlı səfərlərinin bunun əyani göstəricisi olduğunu vurğulayıb.
A.İmanov, həmçinin Azərbaycanda təhsil imkanları barədə danışıb, Sovet İttifaqı dövründə üç mindən çox vyetnamlının Azərbaycanda ali təhsil aldıqlarını qeyd edib. O, hazırda bu ənənənin davam etdiyini, Azərbaycanda 40-dan çox vyetnamlı tələbənin təhsil aldığını diqqətə çatdırıb, səfirliyin Azərbaycanda təhsil almaq istəyən vyetnamlı gənclərə dəstək verməyə hazır olduğunu bildirib.
Mühazirə zamanı Azərbaycan tarixinin müxtəlif dövrlərindən bəhs edən videoçarxlar nümayiş etdirilib, tədbir iştirakçılarına Azərbaycan haqqında Vyetnam dilində nəşr olunmuş kitablar paylanılıb.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Hanoy