WUF13 Azərbaycanın beynəlxalq nüfuzunun daha da möhkəmlənməsinə töhfə verdi – Fəxriyyə Xələfova VİDEO
Bakı, 23 may, AZƏRTAC
Azərbaycanda keçirilən BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) ölkənin beynəlxalq səviyyədə tanıdılması və yaradıcı potensialının nümayiş etdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Bu barədə AZƏRTAC-a məxsusi açıqlamasında Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dizayn və dekorativ-tətbiqi sənət kafedrasının dosenti Fəxriyyə Xələfova bildirib.
Fəxriyyə Xələfova vurğulayıb ki, nüfuzlu tədbir bir daha Azərbaycanın qlobal tədbirlərə yüksək səviyyədə ev sahibliyi etmək imkanlarını nümayiş etdirdi.
Əməkdar incəsənət xadimi diqqətə çatdırıb ki, tədbir dünyanın diqqətini Azərbaycana yönəltməklə yanaşı, Bakıya və regionlara gələn qonaqlarda da böyük təəssürat yaradıb.
“Azərbaycan əsrlər boyu memarlıq, tətbiqi incəsənət və mədəni irs sahəsində zəngin ənənələr formalaşdırıb. Bu tədbir çərçivəsində həmin dəyərlərin beynəlxalq iştirakçılara təqdim olunması qürurverici haldır”, – deyə F.Xələfova qeyd edib.
Əməkdar incəsənət xadimi vurğulayıb ki, sessiya zamanı müxtəlif ölkələrdən tanınmış mütəxəssislər, ekspertlər və şirkət nümayəndələri bir araya gələrək şəhərsalma, dizayn və gələcəyin urbanistik inkişafı ilə bağlı fikir mübadiləsi aparıblar.
F.Xələfovanın fikrincə, Bakıda keçirilən bu cür beynəlxalq platformalar yeni ideyaların formalaşmasına təkan verir və gələcəkdə qlobal miqyasda tətbiq olunacaq yanaşmaların yaranmasına təsir göstərə bilər.
“Forumun işini yaxından izləmək və iştirak etmək çox maraqlı idi. İnanıram ki, burada iştirak edən mütəxəssislər Azərbaycanın memarlıq irsindən, şəhər mühitindən və mədəni zənginliyindən ilham alaraq gələcək layihələrində bu təcrübədən istifadə edəcəklər”, – deyə o əlavə edib.