İspaniyalı mütəxəssis: Azərbaycanın şəhərlərin dayanıqlı inkişafındakı rolunu ekspertlər yüksək qiymətləndirirlər
Bakı, 22 may, AZƏRTAC
Azərbaycanın şəhərlərin dayanıqlı inkişafı və transformasiyasındakı rolu ekspertlər tərəfindən yüksək qiymətləndirilir.
Bunu AZƏRTAC-a açıqlamasında şəhərsalma üzrə ispaniyalı mütəxəssis Xose Qarsiya de la Torre bildirib. O vurğulayıb ki, Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) sosial və şəhər inkişafında mühüm rol oynayır, həmçinin qlobal səviyyədə dayanıqlı inkişafla bağlı yeni yanaşmaların formalaşmasına töhfə verir.
Agentliyin həmsöhbəti Azərbaycanın ərazilərin yenilənməsi və şəhərsalma transformasiyası sahəsində təcrübəsinin xüsusi maraq doğurduğunu qeyd edib.
Ekspert vurğulayıb ki, ölkədə iqtisadi artım fonunda şəhər mühitinin mərhələli şəkildə müasirləşdirilməsi həyata keçirilir. Bu proses tarixi məhəllələrin yenilənməsini və yeni şəhər məkanlarının inkişafını da əhatə edir. Onun fikrincə, şəhər infrastrukturu ilə sənaye sektorunun, o cümlədən neft sənayesinin balanslı inkişafı mühüm amildir.
İspaniyalı mütəxəssis qeyd edib ki, Azərbaycan həm tarixi irsi, həm də müasir iqtisadi reallıqları nəzərə alan yeni şəhər inkişafı modelinə keçidi nümayiş etdirir və bu yanaşma daha dayanıqlı şəhər mühitinin formalaşdırılmasına imkan yaradır.
Müxbir – Tamilla Məmmədova