XAÇMAZ REGİONAL TURİZM İNFORMASİYA MƏRKƏZİNİN AÇILIŞI
İyulun 26-da Azərbaycan Prezidenti İlham Əliyev Xaçmaz Regional turizm informasiya mərkəzinin açılışında iştirak etmişdir.
Gənclər, idman və turizm naziri Əbülfəz Qarayev dövlətimizin başçısına məlumat verdi ki, Mərkəzin əsas məqsədi regionda daxili turizmin inkişaf etdirilməsi, yerli və xarici turistlərin bölgəyə cəlb olunmasıdır. Onun fəaliyyəti nəticəsində ölkəmizin bu regionunun turizm potensialı haqqında bütün məlumatları dünyanın hər bir nöqtəsinə çatdırmaq mümkün olacaqdır. Son dörd ildə 30-a qədər belə mərkəz yaradılmışdır. İndi Xaçmaz rayonunda yataq yerləri ilə təmin olunmaqla eyni vaxtda 5 mindən artıq turisti qəbul etmək imkanı vardır.
Bildirildi ki, burada treninq kursları, seminarlar keçirilməsi nəzərdə tutulur. Xüsusi sayt vasitəsilə dünyanın hər bir yerindən insanlar Xaçmazın istənilən yerində özlərinə əvvəlcədən yer sifariş verə və kirayə edə bilərlər.
Prezident İlham Əliyev ölkəmizdə turizmin inkişafı üçün mühüm layihələrin həyata keçirilməsinin, infrastruktur yaradılmasının vacibliyini diqqətə çatdırdı və dedi ki, bizim gözəl təbiətimiz, səfalı yerlərimiz var və bundan səmərəli istifadə olunmalıdır.
Dövlətimizin başçısı Mərkəzin rəmzi açılışını bildirən lenti kəsdi, məlumat, təlim, kompüter otaqlarına, konfrans salonuna baxdı, yaradılmış iş şəraiti, habelə ölkəmizdə turizmə dair çap olunmuş broşürlərlə tanış oldu.
Prezident İlham Əliyev mərasimdə iştirak edən BMT-nin rezident-əlaqələndiricisi Marko Borsotti ilə görüşdü, Azərbaycanda yoxsulluğun azaldılması istiqamətində görülən işlər, həyata keçirilən tədbirlər barədə söhbət etdi.