XAÇMAZDA BİZNES FORUM VƏ KREDİT YARMARKASI KEÇİRİLMİŞDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, iyulun 26-da Xaçmaz şəhərindəki mədəniyyət evində Quba-Xaçmaz iqtisadi rayonu sahibkarlarının iştrakı ilə biznes forum və kredit yarmarkası keçirilmişdir.
Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak etmişdir.
Dövlətimizin başçısı əvvəlcə ölkəmizin şimal bölgəsində yerləşən Quba, Qusar, Xaçmaz rayonlarında fəaliyyət göstərən müəssisələrdə, fermer təsərrüfatlarında istehsal olunan xalçalardan, tikinti materialları, ərzaq, un məmulatı, arıçılıq, heyvandarlıq, quşçuluq, taxılçılıq, tərəvəzçilik, meyvəçilik məhsullarından ibarət sərgi ilə tanış oldu.
Sahibkarlar məşğul olduqları sahələr barədə məlumat verdilər. Onlar dövlətimizin başçısına təşəkkür edərək dedilər ki, cənab Prezident, məhz Sizin diqqət və qayğınız nəticəsində ölkədə özəl bölmənin inkişafına əlverişli şərait yaradılmışdır. İlyarım bundan əvvəl iş adamlarına, fermerlərə verilmiş kreditlər hesabına fəaliyyət sahəsi genişlənir, yeni iş yerləri yaradılır, regionların sosial-iqtisadi inkişaf proqramı uğurla icra edilir.
Prezident İlham Əliyev daxili bazara çıxarılan və ixrac olunan bəzi məhsulların çeşidi, keyfiyyəti, istehsal həcmi ilə maraqlandı. Dövlətimizin başçısı xüsusi vurğuladı ki, görülən işlər, sahibkarlara verilən kreditlər nəticəsində indi yeni məhsullar istehsal olunur, bəzi məhsullara bazarda tələbat çoxdur. Alınan kreditlər öz bəhrəsini verir. Gələcəkdə istehsal sahələrinin genişləndirilməsi, keyfiyyətli məhsul istehsalı üçün lazım olan hər cür kömək göstəriləcəkdir.
Sonra biznes forum işə başladı. Tədbiri iqtisadi inkişaf naziri Fərhad Əliyev açdı.