XAÇMAZDA ÖZƏL KLİNİKA İSTİFADƏYƏ VERİLMİŞDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, iyulun 26-da Xaçmazda “N-KAY M Klinik” özəl klinikası istifadəyə verilmişdir.
Azərbaycan Prezidenti İlham Əliyev bu münasibətlə keçirilən tədbirdə iştirak etmişdir. Dövlətimizin başçısı bu özəl tibb müəssisəsinin rəmzi açılışını bildirən lenti kəsdi.
Klinikanın direktoru Natiq Mütəllimov məlumat verdi ki, tikintisinə 7 il əvvəl başlanmış ikimərtəbəli bina ən müasir tələblərə cavab verən səviyyədə inşa olunmuş, Avropa ölkələrindən gətirilmiş avadanlıq və ləvazimatla təchiz edilmişdir. Burada quraşdırılmış aparatlar vasitəsilə bir çox xəstəlikləri müalicə və müayinə etmək mümkündür. Klinikada onlarca yeni iş yeri yaradılmışdır.
Prezident İlham Əliyev klinikanın rentgen, stomatoloji, kardioloji, cərrahiyyə, ginekologiya, sarğı, intensiv terapiya otaqları, qan laboratoriyası, palataları və apteki ilə yaxından tanış oldu. Dövlətimizin başçısı bu cür özəl səhiyyə müəssisələrinin yaradılmasının əhalinin sağlamlığının qorunması və yüksək tibbi xidmət göstərilməsi baxımından əhəmiyyətini vurğuladı, yaradılmış şəraiti yüksək qiymətləndirdi və kollektivə uğurlar arzuladı.
Prezident İlham Əliyev klinika ilə tanışlıqdan sonra binanın qarşısına toplaşan sakinlərlə səmimi söhbət etdi, onların problemləri ilə maraqlandı, şikayətlərini dinlədi.
Xaçmazlılar respublikamızın rəhbərinin fəaliyyətini yüksək dəyərləndirərək, xalqımızın ümummilli lideri Heydər Əliyevin siyasi xəttini uğurla davam etdirdiyinə və regionların sosial-iqtisadi inkişafına, əhalinin güzəranının yaxşılaşmasına diqqət yetirdiyi üçün minnətdarlıqlarını bildirdilər.
X X X