REGİONLAR
Xaçmazdakı Şəxsiyyətlər Muzeyində yenidənqurma işlərinə başlanılıb
Xaçmaz, 13 noyabr, Elxan Yusifli, AZƏRTAC
Xaçmaz şəhərində açıq səma altında yaradılan Şəxsiyyətlər Muzeyində yenidənqurma işlərinə başlanılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu muzeydə Azərbaycanın tanınmış ziyalı, şair, yazıçı, mədəniyyət və incəsənət xadimlərinin büstləri ucaldılıb.
Şəxsiyyətlər Muzeyində yenidənqurma işləri çərçivəsində əraziyə tamet daşları döşənəcək, yeni işıqlandırma sistemi qurulacaq, dekorativ ağaclar əkiləcək. Bundan başqa, parkın ərazisindən keçən, Heydər Əliyev və Nəriman Nərimanov küçələrini birləşdirən yolun yenidən açılaraq sakinlərin istifadəsinə verilməsi nəzərdə tutulub.
Xaçmaz sakinlərinin və şəhərə gələn qonaqların sevimli məkanlarından olan Şəxsiyyətlər Muzeyi 2006-cı ildə yaradılıb. 2013-cü ildə muzeydə aparılmış əsaslı tikinti-quruculuq işlərindən sonra sahəsi genişləndirilərək 2 hektara çatdırılıb. Ərazidə yerləşən Tarix-Diyarşünaslıq Muzeyinin ön tərəfinə Azərbaycanın tanınmış dahi şəxsiyyətlərinin - Nizami Gəncəvi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Nəsrəddin Tusi, Xurşidbanu Natəvan, Məhsəti Gəncəvi və Hüseyn Cavidin heykəlləri qoyulub.