Xaçmazın Əzizli kəndində içməli suya olan tələbatı ödəmək üçün yeni artezian quyusu qazılır
Xaçmaz, 13 avqust, Elxan Yusifli, AZƏRTAC
Xaçmaz rayonunun Əzizli kəndində əhalinin içməli suya olan tələbatını ödəmək üçün yeni artezian quyusu qazılır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yeni artezian quyusunun qazılması ilə 200 nəfərdən çox sakinin içməli suya olan tələbatı tam ödəniləcək.
Artezian quyusunun qazılması Əzizili kəndinin də daxil olduğu Müşkür İnzibati Ərazi Dairəsi üzrə nümayəndəlik və Xaspoladoba bələdiyyəsi tərəfindən həyata keçirilir. Belə ki, Xaçmaz rayonun İnzibati Ərazi Dairə üzrə nümayəndəlikləri və bələdiyyələrin tərkibində bələdiyyələrin fəaliyyətinə ictimai nəzarəti həyata keçirəcək xüsusi qruplar formalaşdırılıb. Bu qruplar həm bələdiyyələrin gəlirinə, həmçinin gəlirlərin istifadəsinə ictimai nəzarəti həyata keçirəcək. Yeni istifadəyə verilən artezian quyusu da məhz bu təşəbbüs nəticəsində ərsəyə gəlib.
Xaspoladoba kəndində su probleminin həll edilməsi üçün mövcud irihəcmli sututarının yenidən bərpası nəzərdə tutulub. Sututarının yenidən qurulması yerli fermerlərin suvarma suyuna əlçatanlığını artıracaq və onlarla hektar əkin sahəsinin su ilə təminatı yaxşılaşdıracaq.