Xaçmazın kəndlərində divarlara məzmunu bəlli olmayan yazılar həkk edilib - Polis araşdırma aparır VİDEO
Xaçmaz, 10 avqust, AZƏRTAC
Xaçmaz rayonunun bəzi kəndlərində gecə saatlarında naməlum şəxslər tərəfindən divar, hasar, qapı və dirəklərə məzmunu bəlli olmayan yazılar həkk edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayonun Qaradağlı, Hülövlü və Çarxı kəndlərinin sakinləri qeyd olunan halla son iki gündə qarşılaşıblar. Divar və dirəklərdəki yazıların narkotik vasitələrin təbliğatı ilə bağlı olması ehtimalı yerli sakinlər arasında ciddi narahatlıq yaradıb.
Məsələ ilə bağlı artıq yerli icra strukturlarına və hüquq-mühafizə orqanlarına məlumat verilib.
Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının Hülövlü inzibati ərazi dairəsi üzrə nümayəndəsi Rəhman İsrafilov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, məsələ ilə bağlı məlumat daxil olan kimi əraziyə baxış keçirilib. Qeydə alınan yazıların fotoları çəkilərək araşdırılması üçün həm hüquq-mühafizə orqanlarına, həm də müvafiq icra qurumlarına təqdim olunub. Həmçinin qısa müddətdə divarlardakı bütün yazılar müvafiq qaydada pozulacaq.
Qaradağlı kənd sakini Dilbər Əhmədova mənşəyi bilinməyən yazıların kənddə narahatlıq yaratdığını vurğulayıb: “Kimin yazdığını bilmirik, bəlli deyil. Üç-dörd gündür bu yazılar var. Gecə saatlarında yazırlar. Nəyin reklamıdır, nə məqsədlə yazılıb bəlli deyil. Bu, uşaq işi ola bilməz. Hər yerdə - qapılarda, divarlarda, işıq dirəklərində bu naməlum yazılar var”.
Digər kənd sakini Orxan Qəhrəmanov isə küçə boyu demək olar hər bir həyətin divarında və ya qapısında bu yazılara rast gəlindiyini bildirib: “Yazıları səhər mağazaya gedəndə gördüm. Məhəllədə soruşduq, heç kim nə ilə əlaqədar olduğunu bilmədi. Cəmi 50 metrlik məsafədə 14 yerə yazıblar. İndiki dövrdə bütün uşaqların, yeniyetmələrin əlində telefon var. Məzmunu maraq doğurduğundan həmin saytlara daxil ola bilərlər. Uşaqlar xoşagəlməz halla üzləşə, yanlış tərəfə yönələ bilərlər”.
Araşdırmalar göstərir ki, divarlarda qeyd olunan qısa başlıqlar və sosial şəbəkə ünvanları vasitəsilə narkotik vasitələrin təbliği daha çox bəzi postsovet ölkələrində geniş yayılıb. Adətən bu işdə maraqlı olan şəxslər divarlara qrafitti üsulu ilə sintetik tərkibli narkotik vasitələrin qısaldılmış adlarını, eləcə də onların əldə olunması üçün müxtəlif gizli sayt və ya sosial şəbəkə hesablarını yazırlar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupunun baş inspektoru polis kapitanı Xəyal Talıbov AZƏRTAC-ın bölgə müxbirinin sorğusuna cavab olaraq bildirib ki, məsələ ərazi polis orqanı tərəfindən nəzarətə götürülüb, araşdırma aparılır.
Müxbir - Elxan Yusifli