“Xalçaçı Günü” Qobudakı xalçaçılarla qeyd olunub
Qobu, 5 may, Ətrabə Rzayeva, AZƏRTAC
Abşeron Rayon İcra hakimiyyətinin təşkilatçılığı ilə 5 may - “Xalçaçı Günü” münasibətilə Qobu qəsəbəsindəki “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Abşeron filialında xalçaçı xanımlarla görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, görüşdə rayon İcra Hakimiyyətinin məsul işçiləri, filialın direktoru, Əməkdar mədəniyyət işçisi Rəfiqə Bəşirova, Sumqayıt Regional Mədəniyyət İdarəsinin Abşeron rayonu üzrə nümayəndəsi, Əməkdar mədəniyyət işçisi İlham Manafov, Qobu qəsəbə icra nümayəndəsi Etibar Məmmədov iştirak edib.
Bildirilib ki, Abşeron rayonunda xalçaçılığın qədim tarixi ənənələri vardır. Rayon ərazisində yaşayan xanımlarımız tarixən xalçaçılıqla məşğul olub və öz dəst-xətlərini yaradıb yaşatmışlar. Hazırda da toxucularımız qədim xalçaçılıq ənənələrini yaşatmağa, keyfiyyətli xalçalar toxumağa çalışırlar.
Qeyd edilib ki, tarixən toxuculuqla məşğul olunan bu ərazilərdə xalçaçılıq az qala unudulurdu. Lakin Azərbaycan Prezidenti İlham Əliyev Abşeron filialını yaratmaqla qədim sənətimizi özümüzə qaytardı. Nəticədə yeni-yeni toxucular yarandı. Ölkə Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva xalçaçılara böyük diqqət və qayğı ilə yanaşır.