XALQ ŞAİRİ BƏXTİYAR VAHABZADƏNİN ƏSƏRLƏRİNƏ RUMINİYADA BÖYÜK MARAQ GÖSTƏRİLİR
Rumıniyanın məşhur “Paydeya” nəşriyyatı müasir Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndələrindən biri, xalq şairi, Milli Məclisin deputatı Bəxtiyar Vahabzadənin “Zaman və kainat” (şerlər və poemalar) kitabını nəşr etmişdir.
Buxarestdə rumın dilində çapdan çıxmış bu kitabın tərcüməçiləri və qeydlərin müəllifləri Dimitri Bolan və Simion Yurakdır. Kitaba ön sözü Finuş Niyaqi, son sözü isə dünya şöhrətli qırğız yazıçısı Çingiz Aytmatov yazmışdır. Onlar bütün türk dünyasının görkəmli şairi Bəxtiyar Bahabzadənin yaradıcılığının xüsusiyyətləri, şerlərində əks edilmiş bəşəri ideyalar, Azərbaycan ədəbiyyatına gətirdiyi yeniliklər, bir sıra xarici ölkələrdə əcnəbi dillərdə nəşr olunmuş əsərləri barədə rumın oxucularına ətraflı məlumat vermişlər.
“Zaman və kainat” kitabına sevimli şairimizin “Ləyaqət”, “İki qorxu” poemaları və yüzədək lirik-fəlsəfi şerləri toplanmışdır. Şairin məşhur “Qara saçlar, ağ saçlar”, “Axı dünya fırlanır”, “Əks-səda”, “Mənim ad günlərim”, “Barmaqlar”, “17 dekabr”, “Qorxu”, “Kök” və s. şerləri də kitaba daxil edilmişdir.
Kitabın məsləhətçisi Azərbaycan Respublikasının Rumıniyadakı fövqəladə və səlahiyyətli səfiri, hüquq elmləri doktoru Eldar Həsənov, texniki redaktoru Qabiel Yoneskudur.
X X X
Ölkəmizin Buxarestdəki səfirliyindən verilən məlumata görə, görkəmli ictimai xadim, xalq şairi Bəxtiyar Vahabzadə Rumıniyanın mədəniyyət sahəsində ən ali mükafatı olan Komandor dərəcəli “Ləyaqət” milli ordeni ilə təltif edilmişdir.
Hörməli şairimizi bu yüksək mükafat münasibətilə təbrik edir, ona daha böyük uğurlar arzulayırıq.