Xalqımızın tarixində şərəfli bir səhifə - 20 Yanvar
Bakı, 19 yanvar, AZƏRTAC
Milli İncəsənət Muzeyində xalqımızın qan yaddaşında əbədi yaşayacaq 20 Yanvar faciəsinin 28-ci ildönümünə həsr olunmuş “dəyirmi masa” keçirilib.
Muzeydən AZƏRTAC-a bildiriblər ki, böyük itkilərlə, günahsız insanların qətli ilə nəticələnən Qara yanvar faciəsini yetişməkdə olan gənc nəslə aşılamaq məqsədilə keçirilən tədbirdə tarixçi Rizvan Hüseynov Qanlı Yanvar hadisəsinin Azərbaycan xalqı üçün təkcə faciə deyil, həmçinin ləyaqətini qorumaq üçün canını qurban verməyə hazır olan xalqın tarixində şərəfli bir səhifə kimi yüksək qiymətləndirib. Tarixçi faciəni xalqımızın müstəqillik, istiqlal uğrunda apardığı milli azadlıq hərəkatının zirvəsi adlandırıb. O, hadisələrin gerçək tarixi haqda danışıb, Azərbaycan tarixinin qanlı yaddaşı ilə bağlı tələbələrin suallarını cavablandırıb.
Muzeydə, həmçinin uşaqların maariflənməsi məqsədi ilə 6 nömrəli tam orta məktəbin şagirdlərinə “Qanlı qərənfil” adlı ustad dərsi keçirilib. Şagirdlər Dövlət Rəssamlıq Akademiyası və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələrinin “Sülhə çağırış” adlı mövzu ilə bağlı çəkdikləri rəsm əsərləri və həmyaşıdlarının yazdıqları esselərlə tanış olublar.