ELM VƏ TƏHSİL
Xarici dil müəllimləri üçün “Pre-CELTA” təlimi təşkil olunub




Bakı, 22 yanvar, AZƏRTAC
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Əcnəbi dillər kafedrasında xarici dil tədrisi sahəsində təkmilləşmək istəyən müəllimlər üçün “Pre-CELTA” təlimi təşkil olunub.
Universitetdən AZƏRTAC-a bildirilib ki, təlim kafedranın baş müəllimi “CELTA” və “DELTA” sertifikatlarına sahib Elnurə Rəfiyeva tərəfindən aparılır. Proqramın tərtibatında kafedranın baş müəllimi Fatimə Səmədzadə də iştirak edib.
“Pre-CELTA” təlimi bir ay müddətində nəzəriyyə və demo dərs tapşırıqları ilə zənginləşdirilib.
Layihə xarici dilin qrammatikası, söz bazası, danışıq və yazı bacarıqları üzərində fokuslanaraq iştirakçılara müasir dil öyrətmə metodlarını mənimsətmək məqsədini daşıyır. Həmçinin iştirakçılara “CELTA” proqramına hazırlıq, dil öyrənməyin metodlarının əsasları və praktik tətbiqləri öyrədilir. İştirakçılar tədris metodları və praktik təcrübələr üzərində işləyərək bilik və bacarıqlarını inkişaf etdirirlər.
Qeyd edək ki, “Pre-CELTA” təlimi dil tədrisi sahəsində təkmilləşmək istəyənlər üçün mühüm bir addım hesab olunur. Bu təlim “CELTA” proqramına hazırlıq mərhələsini təşkil edir.