XARİCİ İŞLƏR NAZİRLƏRİ AZƏRBAYCAN İLƏ İRAN ARASINDA MÜNASİBƏTLƏRİN DAHA DA MÖHKƏMLƏNƏCƏYİNƏ ƏMİNDİRLƏR
Xarici İşlər Nazirliyinin mətbuat mərkəzindən AZƏRTAC-a bildirmişlər ki, qonaqları səmimi salamlayan nazir Elmar Məmmədyarov Azərbaycan ilə İran arasında münasibətlərin inkişafındakı bugünkü uğurların təməlinin ümummilli liderimiz Prezident Heydər Əliyevin 2002-ci ildə qonşu ölkəyə rəsmi səfəri zamanı qoyulduğunu xüsusi vurğulamışdır. Nazir İran Prezidenti Məhəmməd Xatəminin Azərbaycana indiki rəsmi səfərinin və bu səfər zamanı imzalanmış ikitərəfli sazişlərin ölkələrimiz arasında dostluq münasibətlərini və siyasi, iqtisadi, mədəni sahələrdə əməkdaşlığı daha da möhkəmləndirəcəyinə əmin olduğunu bildirmişdir.
Nazir Elmar Məmmədyarov ölkələrimiz arasında viza məsələlərinin sadələşdirilməsi istiqamətində işlərin aparılmasının vacib olduğunu və bunun xüsusən də kiçik ticarətin inkişafına təkan verəcəyini diqqətə çatdırmışdır.
İranın xarici işlər naziri Kamal Xərrazi ölkəsinin Prezidenti Məhəmməd Xatəminin respublikamıza rəsmi səfərini İran ilə Azərbaycan arasında əlaqələrin genişlənməsində mühüm rol oynayacağını qeyd etmiş və gələcəkdə dövlətlərimiz arasında siyasi və iqtisadi sahədə nailiyyətlərin artacağına əmin olduğunu bildirmişdir.
Görüşdə iranlı nazir Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafı, ticarət, biznes, enerji bölmələrində və digər sahələrdə ölkələrimizin əməkdaşlığı məsələlərinə toxunmuş və nəqliyyatla bağlı imzalanmış sazişlərin bütün region üçün əhəmiyyətli olduğunu vurğulamışdır.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər də müzakirə edilmişdir.