XARİCİ İŞLƏR NAZİRLİYİNDƏ GÖRÜŞ
Səmimi görüşə görə təşəkkürünü bildirən qonaq Azərbaycan-Tacikistan əlaqələrinin hərtərəfli inkişafını yüksək qiymətləndirmişdir.
Ölkələrimiz arasında iqtisadi və siyasi əlaqələrin yüksək inkişafını qeyd edən E.Məmmədyarov, yaxın gələcəkdə Tacikistanda Azərbaycan səfirliyinin açılmasının mümkünlüyünü vurğulamış, bu addımın əməkdaşlığımızın daha da möhkəmlənməsinə töhfə verəcəyini bildirmişdir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan sülh danışıqları prosesi barədə ətraflı məlumat verən E.Məmmədyarov, münaqişənin regionda sülhə, sabitliyə və inteqrasiyaya mənfi təsir göstərdiyini diqqətə çarpdırmışdır. O, Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın mədəni irsinin nəinki işğal olunmuş torpaqlarda, həmçinin Ermənistan ərazisində də məhv edilməsindən danışmışdır.
E.Məmmədyarov mühüm iqtisadi layihələr - Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Bakı-Tbilisi-Axalkalaki-Qars dəmir yolu layihələri haqqında danışaraq, ölkəmizdə qeyri-neft bölməsinin inkişafı üçün görülən işlər barədə məlumat vermişdir.
Görüşdə regional təhlükəsizlik, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılmışdır.