MƏDƏNİYYƏT
“XATİRƏ” FİLMİ SOYDAŞIMIZ HAQQINDADIR
Daşkənddəki “Kino evi”ndə Özbəkistanda yaşamış məşhur azərbaycanlı aktyor və kinorejissor Muxtar Ağamirzəyevin həyatı və yaradıcılığı ilə bağlı “Xatirə” sənədli filminin təqdimatı olmuşdur. Filmin rejissoru və operatoru ölkədə sənədli filmlər ustası kimi tanınan həmyerlimiz Eldar Məmmədovdur.
Əvvəlcə filmin yaradıcıları çıxış edərək məşhur aktyor və rejissor, mərhum Muxtar Ağamirzəyevin yaradıcılıq məziyyətlərindən danışmışlar.
Daşkənddəki Azərbaycan mədəniyyət mərkəzinin sədri İsmayıl Məmmədov filmin yaradıcılarına kinosevərlər və Azərbaycan diasporu adından minnətdarlığını bildirmişdir.
Sonra “Xatirə” sənədli filmi nümayiş etdirilmişdir.
Eldar Məmmədov AZƏRTAC-ın müxbiri ilə söhbətində demişdir: - Muxtar Ağamirzəyevin valideynləri repressiya illərində Özbəkistanın Sırdərya vilayətinə sürgün ediliblər. O, Sırdəryada anadan olmuş, Daşkənddə M.Uyğur adına İncəsənət İnstitutunun rejissorluq fakultəsini bitirmişdir. 1963-cü ildən ömrünün sonunadək kinostudiyada işləmişdir. Aktyor kimi fəaliyyət göstərdiyi illərdə rejissorlar onu ancaq baş rollara çəkirdilər. Onun çəkildiyi filmlər SSRİ məkanında çox məşhur idi. M.Ağamirzəyev 20-dək bədii filmin quruluşçu rejissorudur. Bu filmləri indi də Moskva telekanalları tez-tez göstərir. Bir sözlə, M.Ağamirzəyev Özbəkistan kino tarixində özünəməxsus yer tutur.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
DAŞKƏND