CƏMİYYƏT
Xəstənin öd yollarından müxtəlif ölçülü 100-dən çox daş çıxarılıb
Bakı, 9 fevral, AZƏRTAC
Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında növbəti dəfə ağır vəziyyətdə olan xəstənin üzərində uğurlu əməliyyat aparılıb.
AZƏRTAC ATU-a istinadla bildirir ki, həkimlər 60 yaşlı qadın xəstənin öd yollarından müxtəlif ölçülü 100-dən çox daş çıxarıblar.
ATU-nun Tədris Cərrahiyyə Klinikasının qastroenteroloqu Fərahim Məmmədzadə keçirilən əməliyyat barədə məlumat verərək deyib: “Xəstə mədəsinin üstündə kəskin dözülməz ağrı ilə müraciət edib. Bəlli olub ki, digər klinikada xanımdan heç bir analiz götürmədən ona parazitlərə qarşı ağır dərman təyin olunub. Bu preparat isə xəstənin mədəsində tutma xarakterli sancı yaradıb. Lakin müayinə zamanı xəstənin mədəsində problem olmadığını aşkarladıq. Öd kisəsi sağ qabırğaya ağrı verir, öd yolunda daş olanda isə mədənin giriş hissəsinə, döş qəfəsinin bitdiyi hissədə ağrılar olur. Digər əlamətlərə görə, öd yolunda daşlardan şübhələndiyimiz üçün xəstəyə MRT təyin olundu. MRT-nin cavabında öd yollarında ölçüləri 5 millimetrdən 3 santimetrə qədər 100-dən çox daş aşkarlanıb”.
Fərahim Məmmədzadənin apardığı əməliyyat zamanı xəstədə ERCP əməliyyatı icra olunub, sfinkter kəsiyindən daşlar çıxarılıb. Ən böyük daşın çıxarılması mümkün olmadığına görə, onun yanına stend taxılıb. Müəyyən müddət ərzində stend həmin daşı əridəcək və sonradan onun çıxarılması rahat olacaq.
Qastroenteroloqun sözlərinə görə, RCP əməliyyatı olunan xəstələrdə yenidən daşların əmələgəlmə ehtimalı çox azdır. Çünki sfinkter kəsilmiş olduğundan, növbəti durğunluq zamanı yaranan qumlar, kiçik daşlar öd yolunda ləngimir. Uzun illər sonra daş yaranmış olsa belə, xəstə yenə əməliyyatsız üsulla bu daşlardan azad olur.