İDMAN
Xətai Bağırov: Vacib olan qələbə qazanmaq idi, onu da bacardıq
![Xətai Bağırov: Vacib olan qələbə qazanmaq idi, onu da bacardıq](/files/2021/1/1200x630/161848135459844247_1200x630.jpg)
Bakı, 15 aprel, AZƏRTAC
Qrupda sonuncu oyunumuzu keçirdik. Buna qədər işimizin öhdəsindən gəlmişdik. Çalışdıq ki, bu qarşılaşmada da maksimum nəticə qazanaq. Bunu bacardıq. Vacib məqam bu cür çətinliyə rəğmən qarşıya qoyulan məqsədə nail olmağımız idi.
AZƏRTAC xəbər verir ki, bunu yığmamızın üzvü Xətai Bağırov futzal üzrə Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçirilən Azərbaycan-Yunanıstan oyunundan sonra danışarkən deyib.
Hücumçu bildirib ki, pandemiya ilə əlaqədar 10 ay idi idman zalında məşq etmirdik, heç bir oyunda iştirak etmirdik. Rəsmi matçlardan əvvəl yoldaşlıq görüşü keçirmədik. Bu qədər çatışmazlığa rəğmən tez toparlandıq, ardıcıl qələbələr qazandıq.
Təcrübəli futzalçı oyun zamanı rəqib qapıçı ilə üzbəüz qaldığı epizodda qol vurmaq əvəzinə ötürmə verməsinə də aydınlıq gətirib: “Fikirləşdim ki, Fineo məndən daha yaxşı mövqedədir. Ona ötürmə etsəm, qol vurmaq imkanı daha yaxşıdır. Həmin anda o da nəsə fikirləşdi, zərbə vurmaq əvəzinə aldatmağa çalışdı. Əslində, özüm vurmalı idim. Vacib olan qələbə qazanmaq idi, onu da bacardıq”.
Hücumçu yekunda millimizin yer aldğı qrupla bağlı bunları deyib: “Əsas rəqiblərimiz Slovakiya və Moldova yığmaları idi. Hər iki rəqibi yaxşı analiz etdik, oyunlara hazırlaşdıq. Qazandığımız nəticə hər şeyi düzgün etdiyimizi göstərir”.
Qeyd edək ki, aktivində 16 xalı olan millimiz 3-cü qrupu lider kimi başa vurub və gələn il yanvarın 19-dan fevralın 6-dək Niderlandda keçiriləcək Avropa çempionatının final mərhələsinə vəsiqəni təmin edib. İndiyədək millimiz 5 dəfə (2010-cu, 2012-ci, 2014-cü, 2016-cı və 2018-ci illərdə) qitə birinciliyinin həlledici mərhələsində iştirak edib.