Xəzər dənizini çirkləndirən ictimai-iaşə obyektlərinin sahibləri cərimələniblər
Bakı, 8 iyul, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının çimərlik ərazilərində apardıqları monitorinqlərin nəticələrinə uyğun olaraq Xəzər dənizinin Bakı, Abşeron və şimal sahil zolağında fəaliyyət göstərən ictimai-iaşə obyektlərində reydlər keçirilib.
Nazirliyin mətbuat katibi İradə İbrahimova AZƏRTAC-a bildirib ki, Novxanı, Türkan və Hövsan çimərlikləri ərazisində keçirilən reydlər zamanı “Neptun”, “Balıqçı”, “Alma”, “Antalya”, “Mirvari”, “Qala”,“Riad Park” və “Caspian Beach” istirahət mərkəzlərində formalaşan tullantı sularının təmizlənmədən dənizə axıdılması faktlarına görə həmin obyektlərə cavabdeh şəxslər Rəhim Xəlilov, Pərvanə Eyyubova, Anar Quliyev, Fərhad Əsgərov, Azər Rzaquliyev, Şahin Babayev, Anar Allahyarov və İsmayıl Hüseynov barəsində akt, protokol tərtib olunub. Onların hər biri vəzifəli şəxs qismində 4 min manat məbləğində cərimələnib.
Mətbuat katibi, həmçinin deyib: “Xəzər dənizinin şimal sahil zolağında keçirilən reydlər zamanı isə “Elay”, “Malibu”, “Jalə”, “Yalama-Xəzər Turist Bazası” və “Lokomotiv” istirahət mərkəzlərində formalaşan tullantı sularının təmizlənmədən dənizə axıdılması faktlarına görə akt və protokollar tərtib olunub. Obyekt sahibləri Maya Vəliyeva, Rüfət Nəsizadə, Amil Məmmədov, Mahir Şirəliyev vəzifəli şəxs qismində 4 min manat məbləğində cərimələnib. “Lokomotiv” istirahət mərkəzinin isə hüquqi şəxs qismində cərimə olunması üçün tərtib olunmuş sənədlər rayon məhkəməsinə göndərilib.
Obyekt sahiblərinə sutəmizləyici qurğuların quraşdırılması üçün icrası məcburi olan “məcburi göstəriş”lər verilib”.
Nazirliyin rəsmisi onu da bildirib ki, reydlər Xəzər dənizinin cənub sahil zolağında da keçirilir və nəticələri ilə bağlı yaxın günlərdə məlumat veriləcək.
İ.İbrahimova bir daha dəniz kənarında fəaliyyət göstərən obyekt sahiblərinə, fərdi evlərindən dənizə çirkab su axıdan vətəndaşlarımıza müraciət edib, hər kəsi təbiətə, dənizə zərər vurmağa deyil, onları qorumağa çağırıb.