Xəzər dənizinin ekoloji vəziyyətinin yaxşılaşdırılmasına dair tədbirlər görülür
Bakı, 25 fevral, AZƏRTAC
Hazırda Xəzər dənizini çirkləndirən tənzimlənməyən axarlar mövcuddur. Bu axarlar vasitəsilə zərərli tullantılar təmizlənmədən dənizə axıdılır. Xəzər dənizi ən çox təsərrüfat-məişət tullantı suları və neft-qaz hasilatında əmələ gələn lay suları ilə çirkləndirilir. Lay suları ilə dənizi çirkləndirən obyektlər əsasən “Suraxanı Oil Company”, “Balakhanı Operating Ltd” əməliyyat şirkətləri və “Azgerneft” MMC-dir. Təəssüf ki, bu müəssisələrdə əmələ gələn tullantı suları təmizlənmədən birbaşa Xəzərə axıdılır.
Bu barədə AZƏRTAC-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı Mirsalam Qənbərov məlumat verib.
O, həmçinin deyib: “Təsərrüfat-məişət tullantı suları dedikdə təkcə əhalinin formalaşdırdığı tullantı suları deyil, bəzi təşkilatlarda əmələ gələn tullantı suları da nəzərdə tutulur. Əsasən kanalizasiya şəbəkəsi olmayan kənd və qəsəbələrdə formalaşan tullantı suları göllər və gölməçələr vasitəsilə dənizə axıdılır. Böyük narahatlığa səbəb olan bu problemlər aidiyyəti təşkilatlar tərəfindən tez bir zamanda həllini tapmalıdır. Bu sahəyə cavabdeh təşkilatlar, özəl strukturlar öz məsuliyyətlərini dərk edərək bu problemə biganə qalmamalı və təcili işlər görməlidir.
Əslində Xəzər dənizinin çirklənməsinin qarşısını almaq mümkündür. Nümunə olaraq deyə bilərəm ki, “Azneft” İstehsalat Birliyinin “Abşeronneft”, Bibiheybət, H.Z.Tağıyev, N.Nərimanov adına neft-qazçıxarma idarələrinin istehsalat sahələrində və Binəqədi Əməliyyat Şirkətində əmələ gələn lay suları düzgün idarə olunur. Yəni həmin müəssisələrdən Xəzər dənizinə heç bir tullantı suyu axıdılmır. Deməli, dənizi çirkləndirən digər müəssisələr də bunu edə bilərlər”.
“Xəzər dənizində ekoloji vəziyyətin yaxşılaşdırılması nazirliyin birbaşa funksiyalarına aiddir, ona görə də tərəfimizdən daha sərt tədbirlər görülür. Dənizi çirkləndirən bütün mənbələr üzrə monitorinqlər aparılır, tərkibində normadan artıq zərərli maddələr olan axarlar və onları formalaşdıran fiziki və hüquqi şəxslərə qarşı inzibati tədbirlərlə yanaşı, maarifləndirici, daha innovativ texnologiyaların tətbiqi tövsiyə olunur. Xəzər dənizinin çirklənmədən qorunması, ətraf mühitə atılan tullantıların azaldılması, insanların sağlamlığına, ümumiyyətlə, təbiətə mənfi təsir göstərən amillərin qarşısının alınması Azərbaycan dövlətinin və dövlət başçısının nazirliyin qarşısında qoyduğu əsas məsələlərdən biridir. Ona görə də ətraf mühitə və Xəzər dənizinə atılan tullantıların maksimum dərəcədə azaldılması bu günün ən vacib tələbidir, ictimaiyyətin iştirakı ilə var gücümüzlə buna nail olmalıyıq”, - deyə mütəxəssis bildirib.