Xəzər rayonundakı “Oba” marketdə nöqsanlar aşkarlanıb
Bakı, 6 mart, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyi istehlakçı hüquqlarının qorunması və qida təhlükəsizliyinin təmin edilməsi sahəsində tədbirləri davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Bakının Xəzər rayonunun Binə qəsəbəsi, Binə südçülük sovxozu, Əli İsazadə küçəsi ilə Yeni Hövsan yolunun kəsişməsində fəaliyyət göstərən “Oba Market” MMC-yə məxsus “Oba” marketdə yoxlama aparılıb.
Yoxlama zamanı marketdə sertifikatlaşdırılmadan İran İslam Respublikasından ölkəmizə gətirilən müxtəlif çeşidli süd və balıq məhsulları, süfrə duzu, qənnadı məmulatları və müxtəlif növdə hazırlanmış giləmeyvəli alkoqolsuz içkilərin satıldığı, istifadə müddəti ötmüş, istehsal tarixi və son istifadə tarixi qeyd edilməyən pendirin satışa çıxarıldığı, kolbasa məhsulunun üzərində yararlılıq müddətindən artıq müddətin qeyd edildiyi aşkarlanıb. Eyni zamanda müəssisədə temperatur rejiminə riayət edilmədiyi, məhsulların saxlanılması üçün anbar sahəsinin təşkil olunmadığı, qida məhsullarının qeyri-qida və istehlaka yararsız məhsullarla eyni sahədə saxlanıldığı, müxtəlif çəkilərdə qablaşdırılmış məhsulların üzərindəki istehsal tarixi, saxlama müddəti və digər məlumatların dəyişdirildiyi müəyyən edilib.
Aşkar edilmiş nöqsanlarla əlaqədar müəssisədə müşayiətedici sənədləri və mənşəyi məlum olmayan məhsulların dövriyyədən çıxarılması və satışının qadağan edilməsi barədə məhdudlaşdırıcı qərar qəbul edilib, müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub.