Xidmətə yeni qəbul olunan əməkdaşlar Bakı Baş Gömrük İdarəsində təcrübə proqramı keçib
Bakı, 25 fevral, AZƏRTAC
Bakı Baş Gömrük İdarəsində gömrük orqanlarında xidmətə yeni qəbul olunan əməkdaşlar üçün təcrübə proqramı keçirilib.
Dövlət Gömrük Komitəsinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən AZƏRTAC-a bildirilib ki, gənc gömrükçülərə xidməti fəaliyyətləri zamanı tələb olunan zəruri bilik və bacarıqlar öyrədilib, peşə vərdişləri aşılanıb. Yeni əməkdaşlar üç gün müddətində Bakı Baş Gömrük İdarəsində peşəkar gömrükçülərlə birlikdə iş prosesində yaxından iştirak ediblər. Onlar iş bölgüsü, gömrükçülərin gün ərzində gördüyü cari işlər, gömrük qanunvericiliyinin tətbiqi, gömrük rəsmiləşdirilməsi ilə bağlı bütün mərhələlərlə əyani şəkildə tanış olublar.
Təcrübə müddətində Bakı Baş Gömrük İdarəsinin “Sahil” gömrük postunda gənclərə malların boşaldılması prosesində gömrük nəzarətinin təşkili, gömrük aktının tərtib olunması və digər əməliyyatların həyata keçirilməsi qaydaları öyrədilib, real iş şəraiti göstərilib.
Xidmətə yeni qəbul olunan əməkdaşların təcrübə rəhbəri, Bakı Baş Gömrük İdarəsi rəisinin müavini Zaur Bağırov bildirib ki, təcrübə proqramına “Sahil” gömrük postunun təcrübəli və peşəkar əməkdaşları cəlb olunub, yeni əməkdaşlar bu müddətdə hüquqpozmalarla bağlı faktları əyani şəkildə müşahidə edib, onlara gömrük işi, o cümlədən gömrük orqanlarının hüquq mühafizə fəaliyyəti, sıra hazırlığı və digər zəruri mövzular üzrə qazandıqları nəzəri bilikləri tətbiq etmək imkanı da yaradılıb.
Yeni əməkdaşlar bundan əvvəl Dövlət Gömrük Komitəsinin Akademiyasında bir aylıq hazırlıq kursları keçiblər.