XIRDALANDA “BALTİKA-BAKI” PİVƏ İSTEHSALI ŞİRKƏTİNİN AÇILIŞI OLMUŞDUR
Bakı, 20 may (AZƏRTAC). Mayın 20-də Xırdalanda “Baltika-Bakı” pivə istehsalı şirkətinin təntənəli açılış mərasimi olmuşdur.
Azərbaycan iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov, “Baltika” pivə istehsalı şirkəti” ASC-nin prezidenti Anton Artemyev, Rusiyanın ölkəmizdəki səfiri Vladimir Doroxin və Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov zavodda quraşdırılmış 3yeni xəttin işə düşməsini bildirən düyməni sıxdıqdan sonra istehsal prosesi başlamışdır.
Nazir müavini Niyazi Səfərov müəssisənin yeni brendlə fəaliyyətə başlaması münasibətilə kollektivi təbrik etmiş, uğurlar arzulamışdır. Qeyd etmişdir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dinamik iqtisadi inkişaf xətti, ölkəmizdə xarici investisiyaların uğurlu tətbiqi üçün yaradılmış əlverişli şərait dünyanın bir çox tanınmış şirkətlərini Azərbaycana sərmayə yatırmağa sövq edir. Qlobal iqtisadi böhran dövründə “Baltika” şirkətinin qida sənayesi sahəsində belə nəhəng investisiya layihəsini reallaşdırması Azərbaycanın əlverişli investisiya şəraitinə və yüksək iqtisadi potensiala malik olmasını təsdiq edir. Vurğulanmışdır ki, bu layihə Azərbaycanla Rusiya arasında iqtisadi münasibətlərin müvəffəqiyyətli inkişafına parlaq nümunədir.
Rusiyanın ölkəmizdəki səfiri Vladimir Doroxin “Baltika-Bakı” pivə istehsalı şirkətinin fəaliyyətə başlamasını əhəmiyyətli hadisə adlandırmış, Rusiya ilə Azərbaycan arasında iqtisadi əməkdaşlığın inkişafına nümunə olduğunu vurğulamışdır. Rusiyanın Azərbaycanla sıx, mehriban və qarşılıqlı faydalı əməkdaşlıqda maraqlı olduğunu qeyd edən səfir, belə uğurlu layihələrin bundan sonra da davam edəcəyinə əminliyini bildirmişdir.
“Baltika” pivə istehsalı şirkəti” ASC-nin prezidenti Anton Artemyev Azərbaycan bazarının inkişaf perspektivlərini nikbin qiymətləndirdiklərini, burada əlverişli investisiya mühitinin mövcud olduğunu vurğulamışdır. Qeyd olunmuşdur ki, Bakı pivə zavodu “Baltika”nın Rusiyanın hüdudlarından kənarda ilk zavodu, şirkətin tərkibində isə 12-ci istehsal müəssisəsidir.
Cənubi Qafqaz regionunda istehsal sahələrinin açılması “Baltika”ya daşıma xərclərini azaltmağa və nəticədə yeni ixrac marşrutları işləyib hazırlamağa imkan verəcəkdir. Azərbaycanın pivə bazarında mövcud vəziyyəti qiymətləndirən şirkət yaxın 3 ildə illik artımın 12-14 faiz olacağını proqnozlaşdırır.
Qeyd olunmuşdur ki, “Baltika”nın xarici istehsal meydançası hər bir zavod üçün mütləq olan bütün standartlara və texnoloji tələblərə cavab verir. “Baltika-Bakı” zavodunun müasirləşdirilməsi Azərbaycanın qeyri-xammal sektorunda son zamanlar həyata keçirilən ən iri investisiya layihələrindən biridir. Müəssisənin bişirmə sexində, qıcqırma və filtrasiya sahəsində yenidənqurma işləri aparılmış, şüşə butulkaya süzmə xətti yenidən təchiz edilmiş və PET-butulkaya süzmə xətti quraşdırılmışdır. İnvestisiya proqramının sonunda kapitalın ümumi həcmi 20 milyon ABŞ dollarına bərabər olacaqdır.
Yenidənqurma layihəsinin gedişi zamanı “Baltika-Bakı” müəssisəsində quraşdırılan bütün avadanlıq “Krones AG”, “Gea Brewery Systems Gmbh”, “Filtrox AG”, “Ring Crown”, “Pall Gmbh” və digər bu kimi aparıcı şirkətlərin istehsalıdır. Zavodun yenidənqurma işlərində “Kaspi” şirkəti, «Azərinşaatlayihə» institutu, Mir Yapı, Moeller Company iştirak etmişlər.
Mərasim bədii proqramla davam etmişdir.