Xocalı faciəsi qurbanlarının xatirəsi Yasamal rayon kitabxanalarında da anılıb
Bakı, 26 fevral, AZƏRTAC
Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) Mərkəzi Kitabxanası və kitabxana filiallarında Xocalı faciəsinin 33-cü ildönümü ilə əlaqədar tədbirlər keçirilib.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirlərdə çıxış edənlər 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı birləşmələri tərəfindən Xocalı şəhərini işğal edərkən, dinc əhaliyə qarşı törədilən faciə haqqında ətraflı danışıblar və məktəblilərə Xocalı faciəsi barədə həqiqətləri öyrənməyi, şəhidlərin onlara əmanət etdiyi Vətənə layiq vətəndaş olmağı tövsiyə ediblər.
44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Müzəffər Ordumuzun, qəhrəman oğullarımızın ermənilərdən Xocalı şəhidlərinin qisasını aldıqlarını, onların qanının yerdə qalmadığını xüsusi vurğulayıblar.
Tədbirlərin bədii hissəsində 158 və 161 nömrəli tam orta məktəblərin şagirdləri Xocalı faciəsinə həsr olunmuş şeirlər səsləndiriblər. “Xocalı soyqırımı”, “Xocalı sən azadsan” adlı kompozisiyalar təqdim olunub.
M.Ş.Vazeh adına Mərkəzi Kitabxanada “Xocalı faciəsi – qan yaddaşımızdır” adlı videoçarx və Xocalı faciəsinə həsr olunmuş foto və kitab sərgisi hazırlanıb.