Xocalı faciəsinin 27-ci ildönümü Beyləqanda silsilə tədbirlərlə qeyd edilir
Beyləqan, 21 fevral, Tahir Ağaməmmədov, AZƏRTAC
Xalqımızın tarixinə qanla yazılan Xocalı faciəsinin iyirmi yeddinci ildönümü Beyləqan rayonunda silsilə tədbirlərlə qeyd olunur. Faciənin ildönümü ilə bağlı müxtəlif tədbirlər, sərgilər, anım mərasimləri keçirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Beyləqan Rayon Mədəniyyət Mərkəzinin foyesində soyqırımını özündə əks etdirən fotostend və "Tarixə qanla yazılan soyqırımı” adlı tədbir təşkil olunub.
Mədəniyyət Mərkəzinin direktoru İxtiyar Məhəmmədli və mərkəzləşdirilmiş kitabxana sisteminin şöbə müdiri Təhminə Əbilova çıxış edərək, erməni silahlı qüvvələri tərəfindən Xocalı şəhərində törədilən qırğından, dinc əhaliyə amansız divan tutulmasından, faciə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, bu faciəyə obyektiv qiymət verilməsi istiqamətində ulu öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin, həmçinin Heydər Əliyev Fondunun fəaliyyətindən danışıblar. Bildirilib ki, Xocalı soyqırımı iki yüz ildən çox müddətdə təcavüzkar erməni millətçilərinin xalqımıza qarşı apardığı etnik təmizləmə və soyqırımı siyasətinin qanlı səhifəsidir. Bu qanlı faciədən 27 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Xocalı şəhərinə hücuma keçib, bütün beynəlxalq hüquq, o cümlədən beynəlxalq humanitar hüquq normalarını pozaraq oraya zirehli texnika yeridib, şəhərin dinc əhalisinə misli görünməmiş qəddarlıqla divan tutublar. Ermənistan silahlı qüvvələrinin mühasirəsində qalmış şəhər sakinlərindən 613-ü, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca öldürülüb, 487 dinc sakin ağır yaralanıb, 1275 nəfər isə girov götürülüb.
Tədbirdə "Haray, Xocalım haray" adlı kompozisiya göstərilib.
Beyləqan rayon dostluq klubunda keçirilən “Xocalı soyqırımı - vəhşiliyinin görünməmiş təzahürü” adlı tədbirdə də erməni silahlı qüvvələri tərəfindən 27 il əvvəl Xocalıda törədilən qəddarlıqlardan bəhs edilib.