“Xocalı soyqırımı 22 il sonra: şagirdlərin gözü ilə”mövzusunda tədbir keçirilmişdir
Bakı, 20 fevral (AZƏRTAC). Fevralın 20-də Nizami Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının birgə təşkilatçılığı ilə “Xocalı soyqırımı 22 il sonra: şagirdlərin gözü ilə” mövzusunda tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən YAP Nizami rayon təşkilatının aparat rəhbəri Ramil Vəlibəyov tədbirin əsas məqsədinin Xocalı soyqırımını rəsm əsərləri ilə əyani şəkildə insanların, xüsusilə gənclərimizin şüurunda maddiləşdirmək və “Xocalıya ədalət!” Beynəlxalq təbliğat və məlumatlandırma kampaniyasına dəstək verməkdən ibarət olduğunu bildirmişdir.
Tədbirdə YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva çıxış edərək bildirmişdir ki, miqyasına və dəhşətlərinə görə Xocalı qırğını təkcə Azərbaycan xalqına qarşı deyil, bütövlükdə insanlıq əleyhinə törədilmiş bir soyqırımıdır.
S.Vəliyeva qeyd etmişdir ki, Xocalı soyqırımının beynəlxalq müstəvidə tanıdılması və erməni faşizminin ifşası ilə bağlı ilk təşəbbüs ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdışından sonrakı dövrə təsadüf etmişdir. Ümummilli Liderin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev isə Azərbaycan həqiqətlərinin, o cümlədən Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılmasını səfirliklərimiz və diaspor təşkilatlarımız qarşısında vacib məsələ kimi müəyyənləşdirmişdir. Prezident İlham Əliyevin təşəbbüsü ilə dünya ictimaiyyətinin diqqətini Xocalı soyqırımına yönəltmək üçün dövlət başçısının, ölkənin siyasi elitasının iştirakı ilə ümumxalq yürüşü də keçirilmişdir. Prezident İlham Əliyev bu il fevralın 13-də “Xocalıya ədalət” kampaniyasının keçirilməsi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalamışdır.
Milli Məclisin deputatı bildirmişdir ki, bu gün Heydər Əliyev Fondu da Xocalı faciəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə daha geniş coğrafiyada çatdırılması, onun soyqırımı aktı kimi tanıdılması istiqamətində mühüm addımlar atır. Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın xüsusi səyi nəticəsində Azərbaycan həqiqətləri dünyanın hər yerində nümayiş etdirilir. Heydər Əliyev Fondunun dəstəyi ilə müxtəlif ölkələrdə Xocalı soyqırımının qurbanlarının xatirəsini anma mərasimləri keçirilir.
S.Vəliyeva qeyd etmişdir ki, Xocalı soyqırımı haqqında bütün faktların dünya dövlətlərinə çatdırılması istiqamətində atılan ən mühüm addımlardan biri də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə təsis edilmiş, bu gün 50-dən artıq ölkədə yüzlərlə könüllünün iştirakı ilə uğurla davam etdirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyasıdır.
Sonda tədbir iştirakçıları şagirdlərin əl işləri ilə tanış olmuşlar. Sərgidə həm hazır şəkillər, həm də istedadlı şagirdlərin canlı olaraq çəkdikləri rəsmlər nümayiş etdirilmişdir.