Xocalı soyqırımı İndoneziyanın və Cənub-Şərqi Asiyanın ən böyük məscidində anılmışdır
Bakı, 15 fevral (AZƏRTAC). Fevralın 14-ə İndoneziyanın paytaxtı Cakarta şəhərində bu ölkənin və Cənub-Şərqi Asiyanın ən böyük, dünyanın isə üçüncü ən böyük məscidi olan “İstiqlal” məscidində “Xocalıya ədalət” kampaniyası çərçivəsində Xocalı soyqırımının 22-ci il dönümü ilə əlaqədar anım mərasimi keçirilmişdir.
“İstiqlal” məscidində cümə və camaat namazları zamanı on minlərlə insan, o cümlədən nazirlik və digər dövlət qurumlarından yüksək vəzifəli şəxslər, ölkənin böyük din xadimləri iştirak etmişlər. Cümə namazı zamanı İndoneziya Beynəlxalq Tələbələr Assosiasiyasının vitse-prezidenti Elmar İskəndərov Ermənistanın Azərbaycana qarşı təcavüzü, Dağlıq Qarabağ və ətraf rayonların işğalı və Xocalı soyqırımı haqqında on minlərlə insana geniş məlumat vermiş, onları Azərbaycanın haqq işinə dəstək verməyə və Xocalı soyqırımının qurbanlarının xatirəsinə namaz qılıb dua etməyə çağırmışdır.
Camaat namazları zamanı “İstiqlal” məscidində təxminən 120 min insan iştirak edir. Cümə namazından sonra ölkənin bir sıra din xadimləri və dövlət qurumlarını təmsil edən yüksək vəzifəli şəxslər E.İskəndərova yaxınlaşaraq Dağlıq Qarabağın Ermənistan tərəfindən işğalını pisləmiş və Xocalı soyqırımı məsələsində Azərbaycana tam dəstək olduqlarını bildirmişlər.
“Xocalıya ədalət” beynəlxalq informasiya kampaniyası 2008-ci il mayın 8-də, Şuşanın işğalı günü Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyeva tərəfindən irəli sürülmüşdür. Faciənin siyasi-hüquqi cəhətdən tanınmasına yönəlmiş bu kampaniya dünyanın 40-dan çox ölkəsində uğurla həyata keçirilir.