Xocalı soyqırımı qurbanlarının xatirəsi Belarusda silsilə tədbirlərlə yad edilib
Bakı, 1 mart, AZƏRTAC
Xocalı faciəsinin 24-cü ildönümü ilə əlaqədar Azərbaycanın Belarusdakı səfirliyi tərəfindən bir sıra tədbirlər keçirilib. Tərtib edilmiş tədbirlər planına uyğun olaraq, səfirlik tərəfindən hazırlanmış pres-reliz Belarusun dövlət qurumlarına, bu ölkədə akkreditə olunmuş diplomatik nümayəndəliklərə və Xarici İşlər Nazirliyinə göndərilib. Həmçinin fevralın 24-26-da Belarusun paytaxtı Minskdə və digər şəhərlərdə bu ölkədəki Azərbaycan diasporu və tələbələr ilə birgə tədbirlər təşkil edilib.
Səfir İsfəndiyar Vahabzadə, səfirliyin müşaviri Zülfüqar Tanarverdi və attaşesi Hamlet Quliyevin iştirakı ilə Bobruysk şəhərində Xocalı soyqırımı şəhidlərinin xatirəsinə həsr edilən anım mərasimi təşkil olunub. Buraya toplaşan həmyerlilərimizə faciə haqqında məlumat verilib, kitablar paylanılıb və videofilm nümayiş etdirilib.
Daha bir anım mərasimi isə Mogilyov şəhərində təşkil edilib.
Tədbirdə çıxış edən səfir İsfəndiyar Vahabzadə Xocalı soyqırımı, faciənin səbəbləri və ümumilikdə Ermənistan-Azərbaycan münaqişəsi, ermənilərin xalqımıza qarşı tarixən, davamlı olaraq həyata keçirdikləri məkrli siyasət, işğalçılıq niyyətləri, törətdikləri vəhşiliklər barədə tarixi faktlarla məlumat verib və soydaşlarımızın suallarını cavablandırıb.
Azərbaycanın Belarusdakı səfirliyində də Xocalı faciəsinə həsr olunan tədbir keçirilib. Tədbirdə Belarusun ali təhsil müəssisələrində oxuyan azərbaycanlı tələbələr, M.Tank adına Belarus Dövlət Universiteti nəzdində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin fəal üzvləri, Azərbaycan diasporunun nümayəndələri, səfirliyin əməkdaşları iştirak ediblər.
Səfir İ.Vahabzadə Xocalı faciəsi ilə bağlı həqiqətləri iştirakçıların diqqətinə çatdırıb. O, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu xarici siyasət nəticəsində xalqımızın ədalətli mövqeyinə dəstək verən ölkələrin sayının davamlı şəkildə artdığını qeyd edib, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə təsis edilmiş “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində görülmüş işlərə dair məlumat verib.
Tədbirdə Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin belaruslu tələbələri tərəfindən Xocalı şəhidlərinə həsr edilən şeirlər söylənilib, “Ağlama şəhid anası” adlı səhnəcik nümayiş etdirilib, Çingiz Mustafayevin Xocalıdakı çəkilişləri əsasında videofilm göstərilib.