Xocalı soyqırımı qurbanlarının xatirəsi dünyanın müxtəlif ölkələrində anılacaqdır
Bakı, 14 fevral (AZƏRTAC). Dünya ictimaiyyətinin diqqətini ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi Xocalı soyqırımına yönəltmək məqsədilə müxtəlif ölkələrdə keçirilən tədbirlər, aksiyalar qətliamın 22-ci ildönümü ərəfəsində daha da artmışdır.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirmişlər
ki, dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız 22 il əvvəl Azərbaycan xalqının məruz qaldığı soyqırımı qurbanlarının xatirəsini anır, müxtəlif tədbir və aksiyalarla erməni vəhşiliklərini yaşadıqları ölkələrin ictimaiyyətinə və xalqına çatdırmağa çalışırlar.
Xocalı soyqırımının dünya ictimaiyyətinə tanıdılması və qəbul etdirilməsi istiqamətində ABŞ, Kanada, Avstraliya, Almaniya, Finlandiya, Danimarka, Nerdland, İsveç, Belçika, Fransa, Litva, Latviya, Estoniya, Çexiya, Macarıstan, Rumıniya, Polşa, Moldova, Ukrayna, Belarus, Rusiya, Türkiyə, Misir, İsrail, Gürcüstan, Qazaxıstan, Özbəkistan və digər ölkələrdə yürüş, mitinq, fotosərgi, elmi konfrans, debat, xatirə gecəsi kimi tədbirlər keçirilir.
ABŞ-ın Nyu York şəhərində BMT-nin mənzil qərargahı qarşısında etiraz aksiyası, Vaşinqtonda yürüş, Ermənistan səfirliyinin önündə isə mitinqin keçirilməsi, Hyuston, Los-Anceles, San-Fransisko və digər şəhərlərdə fotosərgi, elmi konfrans, “dəyirmi masa”, anım mərasimlərinin təşkili nəzərdə tutulmuşdur.
Xocalı qurbanlarının xatirəsinə həsr olunmuş anım mərasimləri Kanadanın Toronto, Monreal, Edmonton, Vankuver, London, Kalqari şəhərlərində də təşkil ediləcəkdir. Fevralın 26-da Xocalı soyqırımı qurbanlarının xatirəsinin yad edilməsi məqsədilə yürüş keçiriləcəkdir. Edmontonda isə yerli qanunverici orqanlara müraciətlər göndəriləcəkdir.
Almaniyada da Xocalı qətliamı qurbanlarının xatirəsinə həsr olunmuş genişmiqyaslı aksiyaların keçirilməsi planlaşdırılır. Berlin, Hannover, Hamburq, Frankfurt, Maqdeburq, Drezden, Potsdam, Nürnberq, Bielfeld, Reqnsburq və digər şəhərlərdə anım mərasimləri, fotosərgi, konfrans və etiraz aksiyasının keçirilməsi nəzərdə tutulur. Maqdeburq şəhərində Xocalı soyqırımına həsr olunmuş avtomobil yürüşü təşkil olunması, şəhər televiziya kanalında “Xocalı” kitabının müəllifi Rolf Kunşun və Alman-Azərbaycan Mədəniyyət Cəmiyyətinin sədri Yaşar Niftəliyevin çıxışı, Xocalı soyqırımını əks etdirən filmin nümayişi gözlənilir. Berlin və Köln şəhərlərində isə hər birində iki gün olmaqla Xocalı faciəsinin canlı şahidi Səriyyə Cəfərova ilə görüş keçiriləcək, həmçinin “Xocalıya ədalət” kampaniyası çərçivəsində toplanmış imzalar Bundestaqa göndəriləcəkdir. Drezdendə şəhər və şəhərətrafı avtobusların monitorlarında Xocalı soyqırımını əks etdirən kadrlar nümayiş olunacaq, Saksoniya kütləvi informasiya vasitələrində soyqırımı materialları dərc ediləcəkdir.
Fevralın 22-də Bielfeld şəhərinin mərkəzindən “Janplatze” meydanına qədər yürüş-mitinq, fevralın 26-da isə Berlində Brandenburq qapıları önündə etiraz aksiyası keçiriləcəkdir.
Xocalı faciəsinin 22-ci ildönümü günündə Ermənistanın Belçikadakı səfirliyi qarşısında, Parisdə “Saint Michel” meydanında nümayiş olacaqdır. Həmin gün Ankarada Azərbaycan diaspor nümayəndələrinin Türkiyə Böyük Millət Məclisində görüşləri planlaşdırılır. Türkiyənin Adana, İzmir, İstanbul və digər şəhərlərində isə soyqırımına həsr olunmuş tədbirlər təşkil ediləcəkdir.