Xocalı soyqırımına həsr olunmuş elmi-praktik konfrans keçirilmişdir
Bakı, 21 fevral (AZƏRTAC, Nəriman Həsənov). Fevralın 21-də Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının qərargahında Xocalı soyqırımına həsr olunmuş elmi-praktik konfrans keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları Xocalı soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
Konfransı açan Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Qarabağ QHT Koalisiyasının sədri Vüqar Qədirov Xocalı soyqırımını ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri bəşəri cinayət adlandırmışdır.
V.Qədirov Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlayan, bir milyondan artıq azərbaycanlının doğma yurdlarından didərgin düşməsinə səbəb olan, Xocalıda misli görünməmiş qətliam törədən, beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozan Ermənistanın bu hərəkətlərə görə cavab verməli olduğunu diqqətə çatdırmışdır.
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının prorektoru Dilqəm Quliyev, Atatürk Mərkəzinin ictimai-siyasi şöbəsinin müdiri Əkbər Qoşalı, tarixçi alim Ramazan Hüseynov, Dünya Azərbaycanlı Gənclərinin Beynəlxalq Həmrəyliyi Cəmiyyətinin sədri Tofiq Əlizadə və başqaları çıxış edərək Xocalıda baş vermiş hadisələrin Dağlıq Qarabağ münaqişənin ən qanlı səhifəsi olduğunu bildirmiş, bu soyqırımını törədənlərin əməllərini pisləmişlər.