Xocavənddə ilk dəfə keçirilən Şəhər Günü bayram konserti ilə davam edib VİDEO
Xocavənd, 20 sentyabr, AZƏRTAC
Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən Xocavənd Şəhəri Günü çərçivəsində konsert proqramı təşkil olunub.
AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbirdə Dövlət Himni səsləndirilib. Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konsert proqramından əvvəl çıxış edən Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov Xocavənd Şəhəri Günü münasibətilə sakinləri və qonaqları təbrik edib. O bildirib ki, bu gün Xocavənd tarixində əlamətdar gündür, çünki şəhər günü ilk dəfə qeyd olunur. Xüsusi nümayəndənin sözlərinə görə, bir il əvvəl Xocavənd rayonuna, o cümlədən Xocavənd şəhərinə Böyük Qayıdış başlanıb və bu proses ardıcıl şəkildə davam etdirilir.
Emin Hüseynov qeyd edib ki, bu günədək Xocavənd rayonunda 4 min 500-ə yaxın sakin məskunlaşıb ki, bu da 1083 ailə deməkdir.
“Cəmi bir il ərzində insanlar rayonun 8 yaşayış məntəqəsinə, öz doğma, dədə-baba yurdlarına qayıdıblar. Onlar artıq burada yaşayır, qurur və yeni həyatlarını davam etdirirlər”, – deyə o vurğulayıb.
Daha sonra Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının solistlərinin ifasında sevilən mahnılar səsləndirilib. Konsert proqramında tanınmış incəsənət nümayəndələri çıxış edib, müxtəlif musiqi və bədii nömrələr təqdim olunub.