REGİONLAR
Xocavənddə tədbir: “Zəfər və qəhrəmanlıq simvolu: məğrur Azərbaycan qadını”






Beyləqan, 4 oktyabr, T.Ağaməmmədov, AZƏRTAC
Qırx dörd günlük Vətən müharibəsi Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun şanlı Qələbəsi ilə başa çatdı. Xalqımızın vətənpərvər, cəsur, mərd oğulları, qızları Qarabağımızın azadlığı üçün qəhrəmanlıqla döyüşərək şəhidlik zirvəsinə ucaldılar. Ona görə də şəhid anaları hər zaman başlarını dik tutmalı, məğrur olmalıdırlar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər Beyləqan rayonu ərazisindəki Xocavənd qəsəbəsində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Azərbaycan Qadınlarının VI Qurultayına hazırlıqla bağlı keçirilən “Zəfər və qəhrəmanlıq simvolu: məğrur Azərbaycan qadını” adlı toplantıda səsləndirilib.
Xocavənd rayonunun ictimai həyatında fəal rol oynayan, müxtəlif sahələrdə çalışan və evdar qadınların iştirak etdiyi tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ulu Öndər Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Ulu Öndərin qadınlarla bağlı fikirlərinin yer aldığı videoçarx nümayiş olunub.
Tədbirdə çıxış edən Xocavənd Rayon İcra Hakimiyyəti başçısının müavin Əfsanə Quliyeva bildirib ki, Azərbaycan qadını tarix boyu öz ağlı, zəkası, sədaqəti, fədakarlığı, çalışqanlığı, mərdliyi, vətənpərvərliyi ilə millətinə, torpağına olan hədsiz məhəbbəti ilə tanınıb. Vətən müharibəsində əldə olunan tarixi zəfərdə qadınların əvəzsiz rolundan söz açan Əfsanə Quliyeva qeyd edib ki, Qarabağ uğrunda canından keçən şəhidlərimizi, Vətən uğrunda savaşan qazilərimizi, əsgərlərimizi dünyaya gətirən, onlara vətənpərvərlik ruhunu və Qarabağ sevgisini aşılayan, düzgün tərbiyə verən məhz Azərbaycan qadınlarıdır.
Tədbirdə Böyük Qayıdış prosesində xocavəndli qadınların iştirakı, qadınların məşğulluğu, erməni sakinlərlə birgəyaşayış, erkən nikah, məişət zorakılığı və digər mövzularda müzakirələr aparılıb, Azərbaycan Qadınlarının VI Qurultayında Xocavənd rayonunu təmsil edəcək nümayəndələr müəyyənləşib.