“XXI ƏSRDƏ TƏHSİL YARADICI ŞƏXSİYYƏTLƏRİN GÖZÜNDƏ” MÖVZUSUNDA DƏYİRMİ MASA KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, “Hyatt Regency” hotelində “XXI əsrdə təhsil yaradıcı şəxsiyyətlərin gözündə” mövzusunda dəyirmi masa keçirilmişdir.
Tanınmış elm və mədəniyyət xadimlərinin, ali məktəb rektorlarının, təhsil işçilərinin, ictimaiyyət nümayəndələrinin iştirak etdikləri tədbirdə Azərbaycan Respublikası Prezidenti İcra Aparatının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə çıxış edərək, noyabrın 25-dən 28-dək YUNESKO-nun təşəbbüsü və təşkilatçılığı ilə Cenevrədə təhsillə bağlı konfrans keçiriləcəyini və orada bu sahənin inkişafı üzrə geniş müzakirələr aparılacağını diqqətə çatdırmışdır.
Azərbaycanın Avropa təhsil məkanına - Bolonya prosesinə qoşulduğunu xatırladan F.Abdullazadə, təhsilimizin beynəlxalq əlaqələrinin genişləndiyini bildirmişdir. Natiq eyni zamanda cəmiyyətin tərəqqisində təhsilin önəmli rolunu qeyd edərək, bu sahənin inkişafının əhəmiyyətini vurğulamışdır.
Təhsil naziri Misir Mərdanov Azərbaycan Prezidenti İlham Əliyevin təhsilimizə və bu sahədə çalışanlara göstərdiyi diqqət və qayğıdan danışmışdır. Təhsil sistemində həyata keçirilən tədbirlərdən, qazanılan uğurlardan bəhs edən nazir bildirmişdir ki, bu sahəyə büdcədən ayrılan vəsaitlər 2003-cü illə müqayisədə 5 dəfədən çox artaraq 2008-ci ildə 1,1 milyard manat olmuş, investisiya xərcləri isə 220 milyon manata çatmışdır.
Təhsillə bağlı 14 inkişafyönümlü dövlət proqramının təsdiq edildiyini diqqətə çatdıran nazir, 2007-2008-ci tədris ilində ilk dəfə olaraq dövlət səviyyəsində “Ən yaxşı müəllim” və “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqələrinin keçirildiyini söyləmişdir.
M.Mərdanov demişdir ki, ötən il Bakı şəhərində son 20 ildə ilk dəfə olaraq 11 yeni uşaq bağçası tikilib istifadəyə verilmiş, cari ildə isə 21 uşaq bağçasının əsaslı təmirinin başa çatdırılması və onların müasir avadanlıqla təchiz edilməsi nəzərdə tutulmuşdur. Son illərdə yeni tikilmiş və əsaslı təmir edilmiş məktəblərin sayı 1600-ü ötmüşdür. Daha 475 məktəb müasir avadanlıqla təmin olunmuş, 500-dən çox təhsil müəssisəsinin istilik sistemləri təmir edilmişdir.
“Təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı (2008-2012-ci illər)” çərçivəsində 200 məktəbin genişzolaqlı sürətli internetlə təmin olunması, DATA mərkəzinin, elektron tədris resursları bazasının, vahid təhsil portalının yaradılması da nəzərdə tutulmuşdur.
Bu il məktəblərə 102 adda 4 milyon nüsxədən çox dərslik və müəllimlər üçün dərs vəsaiti verilmişdir.
“2005-2009-cu illər üçün Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri şəbəkəsində pedaqoji kadr təminatı üzrə İnkişaf Proqramı”na müvafiq olaraq ciddi ehtiyacı olan ucqar kənd məktəblərinə göndərilən müəllimlərin sayı 4800 nəfərə çatmış və növbəti ildə 1308 müəllimin ucqar kənd məktəblərinə göndərilməsi nəzərdə tutulmuşdur.
Bu il ali məktəblərə qəbul imtahanlarında məzunların nəticələrinin ötən ilə nisbətən xeyli yüksəldiyini qeyd edən nazir 600-dən çox bal toplayanların sayının 2004-cü illə müqayisədə 2 dəfədən çox artdığını, 6 nəfərin isə 700 bal topladığını bildirmişdir.
Son illərdə dünya fənn olimpiadalarında və beynəlxalq bilik yarışlarında Azərbaycan məktəbliləri 13 qızıl, 18 gümüş, 50 bürünc medal qazanmışlar.
Təhsilimizin beynəlxalq əlaqələrindən bəhs edən M.Mərdanov diqqətə çatdırmışdır ki, bu gün Azərbaycan bu sahədə dünyanın 50-dən çox ölkəsi ilə əməkdaşlıq edir. 3 mindən çox azərbaycanlı gənc ayrı-ayrı ölkələrin ali təhsil müəssisələrində təhsil alır. Onların 900 nəfərindən çoxu xarici ölkələrdə Azərbaycan dövlətinin hesabına təhsilini davam etdirir. 6 mindən çox əcnəbi tələbə isə respublikamızın universitetlərində təhsil alır.
Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq olunmuş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na uyğun olaraq 100-dək azərbaycanlı gənc ABŞ, Almaniya, Fransa, Böyük Britaniya, Türkiyə və digər ölkələrin aparıcı universitetlərində təhsil almağa göndərilmişdir.
Nazir ölkəmizdə ali və orta ixtisas, texniki peşə təhsillərinin inkişafı, informasiya-kommunikasiya texnologiyalarının təhsil sahəsinə tətbiqi üzrə həyata keçirilən proqramların əhəmiyyətini vurğulamışdır.
Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Mahmud Kərimov, Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə və digər natiqlər də mövzu ilə ilə bağlı fikir və mülahizələrini açıqlamış, yeni dərs ilində təhsil işçilərinə nailiyyətlər arzulamışlar.
Sonra geniş müzakirələr aparılmışdır.
######
