XXIX YAY OLİMPİYA OYUNLARININ İLK GÜNÜ
AZƏRTAC xəbər verir ki, Pekində keçirilən XXIX Yay Olimpiya oyunlarında yarışların ilk günündə yeddi dəst medal uğrunda mübarizə getmişdir.
Çin olimpiyaçıları 2 qızıl medal, İspaniya, Çexiya, Cənubi Koreya, Rumıniya və Amerika idmançıları hərəyə bir qızıl medal qazanmışlar.
Avqustun 10-da - Azərbaycan idmançıları üçün yarışların ilk günündə cüdoçu Ramil Qasımov (66 kq) 1/16 finalda rusiyalı Alim Qadanovla qarşılacaqdır. Üzgüçülərimizin nümayəndəsi Oksana Hatəmxanova isə brass üsulu ilə 100 metr məsafəyə yarışlarda Olimpiya medalı uğrunda mübarizə aparacaqdır.
Xatırladaq ki, XXIX Yay Olimpiya oyunlarının təntənəli açılış mərasimi avqustun 8-də Pekindəki “Quş yuvası” stadionunda olmuşdur. Təntənəli mərasim yerli vaxtla saat 08:08:08-də başlanmışdır. Məhz bu məqamın seçilməsi heç də təsadüfi deyildir - Çində mövcud inama görə səkkiz rəqəmi xoşbətlik gətirir.
Rəngarəng şounu stadionun tribunalarında 91 min tamaşaçı, telekanallarla isə dünyada 4 milyard insan seyr etmişdir.
Sonra iştirakçı ölkələrin nümayəndə heyətləri stadiona daxil olmuşlar. Ənənəyə görə, birinci olaraq Olimpiadaların vətəni Yunanıstanın komandası, axırda isə ev sahibləri - çinlilər stadiona çıxmışlar.
Bu paradda stadiona əlifba sırası ilə 111-ci daxil olan Azərbaycan nümayəndə heyəti 56 idmançı, məşqçi və mütəxəssis ilə təmsil edilmişdi. Əyinlərində ağ kostyum olan nümayəndə heyətimizin üzvlərinin qalstukları Azərbaycan bayrağının rənglərinə uyğun idi. Azərbaycan Respublikasının Dövlət bayrağını aparmaq bu dəfə komandanın kapitanı, Olimpiya çempionu, güləşçi Fərid Mansurova etibar edilmişdi.
Qeyd edək ki, Azərbaycan komandasının 44 üzvü idmanın 12 növündə yarışacaqdır. Atçılıq idman yarışlarında və bədii gimnastika üzrə qrup halında komanda birinciliyində ölkəmiz ilk dəfə təmsil olunacaqdır.
######
![]() |
![]() |

