Yağışlarla əlaqədar çaylarda suyun səviyyəsi artmışdır
Bakı, 12 avqust (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti çayların sululuğu ilə bağlı apardığı araşdırmanın nəticələrini açıqlamışdır.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, araşdırmaya görə, avqustun 8-i və 9-da yağışlarla əlaqədar respublikanın bəzi çaylarında sululuq artmışdır. Quba-Xaçmaz bölgəsi çaylarında suyun səviyyəsində 8-62, Lənkəran-Astara bölgəsi çaylarında isə 5-7 santimetr artım müşahidə olunmuşdur. Yağışın bəzi yerlərdə leysana keçməsi Böyük Qafqazdakı Kişçay və Şinçayda qısamüddətli daşqına səbəb olmuşdur. Bunun nəticəsində Qanıx çayında suyun səviyyəsi 83 santimetr artmışdır.
Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 50-140, Kiçik Qafqazın çaylarında 70-100, Lənkəran-Astara bölgəsi çaylarında 60-100, Naxçıvan MR çaylarında isə 40 faizini təşkil edir.
Avqustun 12-də isə Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3, Qanıx çayının Əyriçay məntəqəsində isə 12 santimetr azalma müşahidə olunmuşdur.
Yağan yağışlar nəticəsində son 5 gün ərzində Kür çayının Surra məntəqəsində suyun səviyyəsində 68, Şirvanda 63, Salyanda 30, Bankədə 9, Araz çayının Novruzlu məntəqəsində isə 20 santimetr artım qeydə alınmışdır.
Bütün məntəqələrdə suyun səviyyəsinin ötən ilin müvafiq dövrü ilə müqayisədə yüksək olduğu müəyyən edilmişdir.