YAP GƏNCLƏR BİRLİYİNİN BEYNƏLXALQ ƏLAQƏLƏRİ GENİŞLƏNİR
AZƏRTAC xəbər verir ki, oktyabrın 27-də ölkəmizdə səfərdə olan Ümumçin Gənclər Federasiyası nümayəndə heyətinin üzvləri Yeni Azərbaycan Partiyasının mərkəzi qərargahında YAP Gənclər Birliyinin rəhbərliyi ilə görüşmüşdür.
YAP Gənclər Birliyinin sədri Ramil Həsənov təşkilatın yaranma tarixi və fəaliyyəti barədə qonaqlara ətraflı məlumat vermişdir. 1995-ci ildə təsis olunan Birliyin ölkənin ictimai-siyasi həyatında fəal rol oynadığını vurğulayan R.Həsənov bildirmişdir ki, hazırda Yeni Azərbaycan Partiyasının sıralarında 170 mindən artıq gənc vardır. Bu, kifayət qədər böyük rəqəmdir və həmin insanlar Azərbaycanın inkişafında, qüdrətlənməsində əhəmiyyətli rola malikdirlər.
R.Həsənov YAP Gənclər Birliyinin beynəlxalq əlaqələrə böyük üstünlük verdiyini demişdir. Qeyd olunmuşdur ki, beynəlxalq təşkilatlarla münasibətlər Azərbaycan gəncləri üçün çox vacibdir. Çünki Azərbaycan sivil dəyərlərə hörmət edən demokratik bir dövlətdir və Avropaya inteqrasiya edir.
YAP Gənclər Birliyi Macarıstan, Türkiyə, İslandiya, Kanada, Bolqarıstan, Qazaxıstan və başqa ölkələrin gənclər təşkilatları ilə yaxından əməkdaşlıq edir və bu əlaqələr günbəgün genişlənir.
R.Həsənov bu ilin aprelində Bakıda keçirilən “Gənc liderlər dünyada sülh və təhlükəsizliyin tərəfdarıdır” adlı beynəlxalq konfrans barədə qonaqlara məlumat vermiş, 9 ölkənin iştirakı ilə belə bir hərəkatın əsasının qoyulduğunu diqqətə çatdırmış, Ümumçin Gənclər federasiyasının da hərakatın iştirakçısı olacağına ümidvar olduğunu bildirmişdir.
Nümayəndə heyətinin rəhbəri, Ümumçin Gənclər Federasiyası katibliyinin rəis müavini Sya Quançji Azərbaycanın gənclər təşkilatları ilə faydalı əməkdaşlıqda maraqlı olduqlarını vurğulamışdır.
O demişdir ki, təmsil etdiyi təşkilatın qarşısında duran əsas vəzifələrdən biri də gənclərin maraq və hüquqlarının müdafiəçisi olaraq onları sağlam həyat tərzi keçirməyə istiqamətləndirmək və digər ölkələrin gəncləri ilə əlaqələrini inkişaf etdirməkdir.