YAP Nəsimi rayon təşkilatı Respublika Günü münasibətilə silsilə tədbirlər keçirir
Bakı, 27 may, AZƏRTAC
Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatı 28 May - Respublika Günü münasibətilə silsilə tədbirlər keçirib. Növbəti belə bir tədbir YAP Nəsimi rayon təşkilatı ilə Bakı Musiqi Akademiyası üzrə Ərazi İlk Partiya təşkilatı ilə birgə reallaşıb. Tədbirdə YAP Gənclər Birliyinin fəalları, birinci Qarabağ və Vətən müharibələrinin iştirakçıları, eləcə də, Vətən müharibəsində iştirak etmiş Bakı Musiqi Akademiyasının tələbələri və qaziləri iştirak edib.
AZƏRTAC xəbər verir ki, tədbirdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sonra BMA-nın məzunu, qazı, bəstəkar Vüqar Məmmədzadənin bəstələdiyi “Zəfər marşı” səsləndirilib. Daha sonra Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəylinin tədbir iştirakçılarına videomüraciəti təqdim edilib.
Tədbirdə iştirak edən YAP Nəsimi rayon təşkilatının sədri, deputat Məlahət İbrahimqızı çıxış edərək, ötən il Azərbaycanın şanlı və qəhrəman ordusunun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazandığı möhtəşəm Qələbənin dövlətimizin gücünün düşmənə, həm də bütün dünyaya göstərdiyini bildirib. Qeyd edib ki, Böyük Zəfərimiz ordumuzun yenilməzliyini, xalqımızın əzmkarlığını, xalq, ordu və Müzəffər Ali Baş Komandan arasındakı monolit birliyi bir daha sübut etdi.
Bakı Musiqi Akademiyasının qazi tələbələri də çıxış edərək, əsgər və zabitlərimizin qəhrəmanlıqlarından, eləcə də müharibə təəssüratlarından və ordumuzun qələbə əzmindən söz açıblar.
Bakı Musiqi Akademiyası Tədris işləri üzrə prorektoru, professor, YAP-ın üzvü Nərminə Quliyeva, Beynəlxalq əlaqələr, ictimaiyyətlə əlaqələr və sosial məsələlər üzrə prorektor, professor Yeganə Axundova, Elmi işlər üzrə prorektor, professor Gülnaz Abdullazadə, Akademiyanın Həmkarlar İttifaqının sədri Aqil Qafulov və başqaları çıxış edərək, Ali Baş Komandan İlham Əliyevin uzaqgörən və məqsədyönlü siyasəti nəticəsində qazanılmış zəfərdən danışıblar.