YAP Səbail rayon təşkilatının üzvləri 20 Yanvar faciəsi qurbanlarının xatirəsini anıblar
Bakı, 18 yanvar, AZƏRTAC
Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatında 20 Yanvar faciəsi qurbanlarının xatirəsinin anım mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, mərasimdə çıxış edən YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı Şəmsəddin Hacıyev 20 Yanvar faciəsinin səbəb və nəticələri barədə danışıb. O qeyd edib ki, bu faciə Azərbaycan xalqına qarşı törədilmiş böyük cinayət idi. Təpədən-dırnağadək silahlanmış sovet ordusunun əliyalın, sadə vətəndaşlara qarşı qanlı qırğın törətməsi çökməkdə olan imperiya rəhbərliyinin əsl simasını açıb göstərdi. Bakıya bir neçə istiqamətdən edilən amansız hücumun təşkilində ermənilər xüsusilə fəallıq göstərirdilər. Bu qanlı qırğın nəticəsində 147 nəfər şəhid oldu, 700-dən çox insan yaralandı, 800-dən çox günahsız şəxs qanunsuz olaraq həbs edildi.
Qeyd edilib ki, Azərbaycanın müstəqillik tarixinə qanla yazılmış 20 Yanvar faciəsinin əsas səbəbi o vaxtkı hakimiyyətin satqınlığı, rəsmi Moskvanın əlində oyuncağa çevrilməsi, habelə milli azadlıq hərəkatının önündə gedən şəxslərin xalqa doğru yol göstərə bilməməsi oldu. O zaman Bakı ilə yanaşı, respublikamızın bir sıra bölgələrində də qırğınlar törədildi.
Vurğulanıb ki, bu qanlı hadisəyə ilk və ən kəskin münasibəti məhz xalqımızın ümummilli lideri, həmin dövrdə Moskvada yaşayan Heydər Əliyev bildirdi. Dahi şəxsiyyət özünün və ailə üzvlərinin həyatının təhlükə altında olmasına baxmayaraq, kəskin bəyanatla çıxış edərək Sovet İttifaqı rəhbərliyini Bakıda qanlı qırğın törətməkdə ittiham etdi. Faciəyə ilk siyasi qiymət də məhz ümummilli lider Heydər Əliyev tərəfindən verilib. Ulu öndər Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra - 1994-cü ilin martında 20 Yanvar faciəsinə ilk dəfə olaraq siyasi-hüquqi qiymət verildi.
Bildirilib ki, qəhrəman Vətən övladlarının xalqımızın azadlığı uğrunda şəhid olması müstəqillik üçün mübarizə aparan Azərbaycan xalqının iradəsinin sarsılmazlığını sübut etdi. 20 Yanvar Azərbaycan xalqının müstəqil amalını, bu yolda canından belə keçməyə hazır olduğunu bütün dünyaya nümayiş etdirdi. Şəhidlərimiz Vətənin azadlığı uğrunda canlarını fəda etməklə Azərbaycan xalqının istiqlaliyyət mübarizəsinin daha da alovlanmasında mühüm rol oynadılar.
YAP Səbail rayon təşkilatının sədri bu gün dünyada sürətlə inkişaf edən Azərbaycanda digər sahələrə olduğu kimi, 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi, onların ailə üzvlərinə və faciə nəticəsində əlil olan şəxslərə göstərilən yüksək dövlət qayğısında danışıb.
Mərasimdə 20 Yanvar hadisələrinə dair film nümayiş olunub, 6 nömrəli məktəb-liseyin şagirdləri qanlı hadisəyə həsr olunmuş şeirlər səsləndiriblər.