YAP Xətai rayon təşkilatının yeni ərazi partiya təşkilatları yaradılıb
Bakı, 12 sentyabr, AZƏRTAC
Sentyabrın 12-də Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının Ələddin Quliyev 31 və Sarayevo küçəsi 184 ünvanları üzrə yeni ərazi partiya təşkilatları yaradılıb.
AZƏRTAC xəbər verir ki, bununla əlaqədar keçirilən tədbirdə çıxış edən YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə yarandığı gündən ümumxalq partiyasına çevrilən Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli yoldan geniş bəhs edib, dahi şəxsiyyət Heydər Əliyevin yaratdığı, Prezident İlham Əliyevin uğurla inkişaf etdirdiyi partiyada təmsil edilməyin böyük şərəf və məsuliyyət olduğunu deyib. Bildirilib ki, YAP-ın sıralarının kəmiyyət və keyfiyyət baxımından zənginləşməsi məhz Ulu Öndər Heydər Əliyev ideyalarına sədaqətin, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə inamın göstəricisidir.
Diqqətə çatdırılıb ki, Heydər Əliyev yolu Azərbaycanı daim zirvələrə aparır. Tarixi Zəfərimiz əldə olunan uğurların zirvəsidir. 2003-cü ildə xalqa tarixi müraciəti ilə bugünkü və gələcək inkişafın əsasını qoyan Ümummilli Liderin inam və etimadını uğurlu addımları ilə doğruldan Prezident İlham Əliyev hazırda uğurlu islahatları ilə dünyaya Azərbaycanın təkmil inkişaf modelini təqdim edir.
YAP Xətai rayon təşkilatının sədri yeni yaradılan ərazi partiya təşkilatlarına gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Sonra təşkilati məsələlərə baxılıb. İradə Şükürova YAP Xətai rayon təşkilatı Ələddin Quliyev 31 ünvanı üzrə ərazi partiya təşkilatının sədri, Tural Bağırov sədr müavini, Qəzənfər Kazımov YAP Xətai rayon təşkilatı Sarayevo küçəsi 184 ünvanı üzrə ərazi partiya təşkilatının sədri, Gülnarə İsmayılova isə sədr müavini seçiliblər.