YAP zamanın tələbi, xalqın istəyi ilə zərurətdən yaranıb
Ağcabədi, 19 noyabr, AZƏRTAC
Zamanın tələbi, xalqın istəyi ilə zərurətdən yaranan və qısa müddətdə ümumxalq partiyasına çevrilən Yeni Azərbaycan Partiyası (YAP) böyük uğurlara imza atıb, xalqımızın və dövlətimizin qarşısında misilsiz xidmətlər göstərib. YAP-ın ölkəmizin ictimai-siyasi həyatında yeri və rolu müstəqil Azərbaycan tarixinin şərəfli səhifəsini təşkil edir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikir YAP-ın yaranmasının 29-cu ildönümü münasibətilə Partiyanın Laçın rayon təşkilatında keçirilən videokonfransda səsləndirilib. Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli, YAP Laçın rayon təşkilatının sədrinin səlahiyyətlərini icra edən İlqar İlyasov, ilk partiya təşkilat sədrləri və partiya fəalları əvvəlcə ümummilli lider Heydər Əliyevin Taxtakörpü qəsəbəsindəki büstü önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla yad edib, dahi rəhbərin adını daşıyan parkda ağac əkiblər.
Sonra “Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır” mövzusunda videokonfrans keçirilib. YAP Laçın rayon təşkilatının sədri səlahiyyətlərini icra edən İlqar İlyasov partiyanın keçdiyi şərəfli yoldan, ötən dövr ərzində qazandığı uğurlardan danışıb.
Milli Məclisin deputatı Mahir Abbaszadə çıxışında bildirib ki, regionun ən böyük siyasi təşkilatı olan YAP Azərbaycan tarixinin son dərəcə ağır və ölkəmizin ciddi sınaqlara məruz qaldığı bir dövrdə yaranıb. Dövlət müstəqilliyini yenicə bərpa etmiş Azərbaycanda ictimai-siyasi gərginlik, vətəndaş qarşıdurması, iqtisadi böhran getdikcə dərinləşir, hakimiyyət uğrunda mübarizə gedirdi. Azərbaycanın dövlət müstəqilliyinin itirilməsi təhlükəsi ilə üz-üzə qaldığı belə bir dövrdə xalq yeganə xilas yolunu Heydər Əliyev dühasında, Heydər Əliyevin böyük dövlətçilik təcrübəsində görürdü. Xalqın geniş təbəqəsinin istəyini ifadə edən 91 nəfər ziyalı 1992-ci il oktyabrında Heydər Əliyevə müraciət göndərdilər. Ulu Öndər çox keçmədən xalqa dövlətçiliyimiz üçün “Yeni, müstəqil Azərbaycan uğrunda” adlı çox əhəmiyyətli çağırış ünvanladı. Partiyanın təsis konfransı 21 noyabr 1992-ci ildə Naxçıvanda keçirildi və Heydər Əliyev YAP-ın sədri seçildi.
Videokonfransda çıxış edən Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli iştirakçıları partiyanın yaranmasının 29-cu və Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusunun 44 günlük Vətən müharibəsində erməni işğalçıları üzərində qazandığı şanlı Zəfərinin birinci ildönümü münasibətilə təbrik edib. Xalqımıza bu sevincli, qürurlu anları yaşatdığına görə laçınlılar adından Prezident İlham Əliyevə minnətdarlığını ifadə edib.
Rayon İcra Hakimiyyətinin başçısı bildirib ki, cəmiyyətimizin aparıcı siyasi qüvvəsi olan YAP qısa zamanda inkişaf etdirərək, ulu öndər Heydər Əliyevin qeyd etdiyi kimi “dünənin, bu günün və sabahın partiyası” səviyyəsinə yüksəlib. 2003-cü ildən isə bu inkişaf Prezident İlham Əliyevin sədrliyi ilə ləyaqətlə davam etdirilib, YAP regionun ən böyük siyasi partiyasına çevrilib.