YAPONİYA HÖKUMƏTİNİN MALİYYƏ DƏSTƏYİ İLƏ ZAQATALADA YENİ TƏDRİS KORPUSU İSTİFADƏYƏ VERİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, Yaponiya hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi” Qrant Yardımı Proqramı çərçivəsində Zaqatala rayonunun Göyəm kənd orta məktəbi üçün 240 şagird yeri olan yeni tədris korpusu tikilib istifadəyə verilmişdir.
Bu münasibətlə Göyəm kəndində Yaponiya səfirliyinin nümayəndələri, rayon rəhbərliyi və məktəb kollektivinin iştirakı ilə təntənəli mərasim keçirilmişdir.
Zaqatala Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Ramazan Məmmədov Azərbaycanda təhsilin inkişafına göstərilən yüksək dövlət qayğısından danışmış, bu dəyərli hədiyyəyə görə rayon ictimaiyyəti və məktəbin kollektivi adından Yaponiya hökumətinə minnətdarlığını bildirmişdir.
Yaponiyanın Azərbaycandakı səfirliyinin müşaviri Mitsuhiro Kohno proqram çərçivəsində Azərbaycanda həyata keçirilən layihələr barədə məlumat vermişdir. Bildirilmişdir ki, “Ot kökləri və insan təhlükəsizliyi” Qrant Yardımı Proqramı Azərbaycanda 2000-ci ildən həyata keçirilir. İndiyədək Azərbaycanda ümumi məbləği 7 milyon 324 min ABŞ dolları olan 106 layihə həyata keçirilmişdir. Sözügedən layihə üzrə 2007-ci ilin noyabrında Yaponiya səfirliyi ilə “İnkişaf üçün gənclik” qeyri-hökumət təşkilatı arasında müqavilə imzalanmışdır. Layihənin ümumi dəyəri 85,7 min ABŞ dollarıdır. Bu, Zaqatala rayonunda həyata keçirilən ilk layihədir.
Təhsil Nazirliyinin nümayəndəsi Əsgər Quliyev Azərbaycan Prezidentinin müvafiq Sərəncamına uyğun olaraq, 2007/2008-ci tədris ilində keçirilmiş “Ən yaxşı müəllim” və “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqələrinin qaliblərinin sırasında Zaqatala rayonundan 2 məktəbin və 5 müəllimin adının olmasını rayonun təhsil işçilərinin böyük uğuru kimi qiymətləndirmiş, onlara yeni dərs ilində müvəffəqiyyətlər arzulamışdır.
Rəmzi qırmızı lent kəsildikdən sonra 12 sinif otağından ibarət yeni tədris korpusuna baxış olmuşdur. Daxili imkanlar hesabına müasir avadanlıqla təchiz olunmuş və həyəti abadlaşdırılmış tədris korpusunun istifadəyə verilməsi 320 şagirdin təhsil aldığı bu məktəbdə tədrisin bir növbədə aparılmasına imkan verəcəkdir.
######
