Yaponiyanın Baş Naziri yeni İmperatorun taxta çıxması münasibətilə rəsmi qəbul təşkil edib
Tokio, 24 oktyabr, AZƏRTAC
Tokioda İmperator Naruhitonun taxta çıxması ilə əlaqədar keçirilən mərasimlər davam edir.
AZƏRTAC xəbər verir ki, oktyabrın 23-də Yaponiyanın Baş Naziri Şinzo Abe tərəfindən bu münasibətlə rəsmi qəbul təşkil edilib.
Qəbula dünyanın 174 ölkəsini təmsil edən rəsmi qonaqlar, həmçinin Yaponiya parlamentinin və hökumətinin yüksək səviyyəli nümayəndələri qatılıblar. Tədbirdə Azərbaycanı ölkəmizin Yaponiyadakı müvəqqəti işlər vəkili Fərid Talıbov təmsil edib.
F.Talıbov Baş Nazir Şinzo Abeyə Əlahəzrət Naruhitonun Yaponiyanın İmperator taxtına çıxması və Yaponiyada yeni “Reiwa” dövrünün başlaması ilə əlaqədar Azərbaycan rəhbərliyinin təbriklərini çatdırıb.
Baş Nazir Şinzo Abe öz növbəsində təbriklərə görə minnətdarlığını bildirib.
Rəsmi qəbulda çıxışında Baş Nazir yeni dövrün başlaması ilə əlaqədar Yaponiyanın beynəlxalq ictimaiyyətlə sıx əməkdaşlıq edərək, bütün dünyada sülhün bərqərar olması üçün daha əzmlə çalışacağını bildirib.
Tədbir ənənəvi yapon kabuki və no artistlərinin hazırladığı xüsusi tamaşa ilə davam edib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio