Yaponiyanın doqquz prefekturasında fövqəladə vəziyyət rejimi iyunun 20-dək uzadılacaq
Tokio, 28 may, AZƏRTAC
Yaponiya hökuməti koronavirus pandemiyasına görə Tokio və Osaka da daxil olmaqla doqquz prefekturada fövqəladə vəziyyət rejimini iyunun 20-dək uzadacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə ekspertlər komissiyasının mayın 28-də keçirilən iclası zamanı Yaponiyanın iqtisadi bərpa naziri Yasutoşi Nişimura bəyan edib.
“Bəzi regionlarda yoluxma sayı azalsa da, yeni yoluxanların artımı yüksək olaraq qalır. Həmçinin səhiyyə sisteminin də yükü, koronavirusun yeni ştamlarının artması təhlükəsi də yüksəkdir. Bununla əlaqədar, yoluxmanın yeni dalğasının qarşısını almaq məqsədilə fövqəladə vəziyyət rejiminin iyunun 20-dək uzadılması zərurəti yaranıb”, - deyə nazir bildirib.
Qeyd edilir ki, fövqəladə vəziyyət rejiminin müddətinin Tokio, Osaka, Kioto, Hyoqo, Fukuoka, Aiçi, Hiroşima, Okayama və Hokkaydo da uzadılması nəzərdə tutulur. İlkin olaraq bu regionlarda fövqəladə vəziyyət rejiminin mayın 31-də başa çatdırılması planlaşdırılırdı. Fövqəladə rejim çərçivəsində Yaponiya hökuməti ictimai iaşə obyektlərində spirtli içkilərin satılmamasını, yerli sakinlərin evlərini ehtiyac olmadan tərk etməməsini, müəssisələrdən isə işçiləri məsafədən işə cəlb etmələrini tələb edir.
Həmçinin, bir neçə gün bundan əvvəl analoji tədbirlərin ölkənin cənubunda yerləşən Okinava prefekturasında da iyunun 20-dək qüvvədə olacağı barədə qərar qəbul edilib.
Son məlumatlara görə Yaponiyada koronavirusa yoluxanların ümumi sayı 735 min nəfəri ötüb və onlardan 12 min 600-dən çoxunun həyatını itirdiyi bildirilir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio