REGİONLAR
Yardımlıda ot yığımı başa çatmaq üzrədir
Yardımlı, 13 iyun, Bağır Əliyev, AZƏRTAC
Dağların qoynunda yerləşən Yardımlı rayonunda heyvandarlıq aqrar bölmənin aparıcı sahəsini təşkil edir. Rayonda qış mövsümü uzun müddət davam etdiyindən heyvandarlıqla məşğul olan fermerlər isti havalarda yem tədarükünə daha çox diqqət yetirirlər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Yardımlıda ot biçininə hər il iyunun ortalarında başlansa da, bu il havaların isti keçməsi səbəbindən prosesə erkən başlanılıb.
Payız və qış mövsümlərində rayonda havaların yağmurlu keçməsi biçənəklərdə ot yığımına müsbət təsir göstərib. Kənd sakinləri onlara məxsus pay torpaq sahələrindəki təbii biçənəklərin hər hektardan 200-400 ot bağlaması tədarük edirlər.
İndiyədək rayonda 2000 hektara yaxın sahənin otu biçilib. Biçin kampaniyası bir həftə müddətinə başa çatacaq.
Qeyd edək ki, Yardımlı rayonunda 3038 hektar təbii biçənək sahəsi var.